“Ermənistanın eks-prezidenti Serj Sarkisyanın qondarma “prezident seçkisi"nin namizədi Vitali Balasanyanla görüşməsi “Qarabağ klanın” güclənməsi deməkdir”. Bunu Sherg.az-a açıqlamasında Sülh və Münaqişələri Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib.
Ekspert bildirib ki, qondarma rejimin keçmiş “təhlükəsizlik katibi” V.Balasanyan baş nazir Nikol Paşinyana qarşıdır. Fürsət düşdükcə iki şəxs biri-birilərinə həqarət edirlər:
“Balasanyan hətta Paşinyanı Ermənistan üçün təhlükəli şəxs adlandırıb. Ümumiyyətlə, Balasanyan Azərbaycana qarşı müharibədə səhra komandiri olub. Məhz Paşinyan bunlardan çəkinərək, bu gün işğal olunmuş ərazilərlə bağlı sərt mövqe tutub. “Qarabağ klanı”nın siyasi səhnədən silinməsi mütləqdi. İrəvan klanı Balasanyanın burada qondarma rəhbərliyə gəlməsinə qəti qarşıdır. Göründüyü kimi Serj Sarkisyanın Balasanyanla görüşməsi və məsləhətlər verməsi bir çox mətləblərdən xəbər verə bilər”.
Analitikin sözlərinə görə, baş nazir Paşinyan daxildə “Qarabağ klanı” və Sarkisyanla bacara bilmir:
“Hətta tərəflər arasında bir razılaşmanın olduğu istisna edilmir. Putinin Ermənistana səfəri və Paşinyanla danışıqlar aparmaması, Koçaryanın xanımı ilə görüşü, “Qarabağ klanı”na mesaj idi. Məhz bundan sonra Sarkisyan Xankəndinə gələrək burada rəhbərliyin Paşinyana verilməməsi üçün Balasanyanla danışıqlara başlayıb. Ermənistanda Paşinyana surprizlər hazırlanır. Koçaryanın həbsdə qalması, Putinin açıq “Qarabağ klanı”nı dəstək verməsi Sarkisyan və separtçıların hərəkətə keçməsini şərtləndirir. Paşinyan Qarabağda erməniləri ayağa qaldıra bilsə, “Qarabağ klanı”nı devirəcək. Ermənistanda daxili siyasi vəziyyət böhrana yuvarlandıqca, Azərbaycan mütləq şəkildə işğalçıya hərbi zərbələr endirməlidir. Çünki, separatçılar Paşinyanı pat vəziyyətinə qoymaq üçün cəbhədə provakasiyaya əl atacaqlar”.