Ankara nə etdiyini yaxşı bilir: Türkiyə GÜCÜNƏ arxayındır

“Türkiyə çox düzgün addım atıb və haqlı olaraq hərbi əməliyyata başlayıb”. Bunu Sherg.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı deyib. 

QAT rəhbəri vurğulayıb ki, Türkiyə rəhbərliyi Suriyadakı növbəti əməliyyatı bütün tərəfləri ilə ölçüb-biçib: 

“Şübhə yox ki, riskli məqamlar və dünyanın etirazları əvvəlcədən nəzərə alınıb. Türkiyə nə etdiyini yaxşı bilir və öz gücünə arxayındır. Ona görə də mütləq müsbət nəticə əldə edəcək. Bu gün Türkiyənin dostları və düşmənləri aydın olacaq. Hər bir ölkə üçün ilk növbədə dövlət maraqları və təhlükəsizliyini təmin etmək ən ümdə məsələdir. Qardaş ölkə təbii haqqından istifadə edir. ABŞ başda olmaqla bütün Qərb ölkələri öz maraqları naminə istənilən addımı atırlar. Türkiyənin hərbi əməliyyat qərarına qarşı çıxan Qərb ölkələri, öncə öz əməllərinə və qərəzli yanaşmalarına baxsınlar. 25 ildən çoxdur heç bir ölkə, beynəlxalq təşkilat işğalçı Ermənistana qarşı bəyanat verməyib, sərt çıxış etməyib. Ancaq məsələ Türkiyə olanda hamısı birdən bu cür mövqe sərgiləyirlər”. 



Akif Nağı: "Qərb ölkələri, öncə öz əməllərinə və qərəzli yanaşmalarına baxsınlar"


A.Nağı bəyan edib ki, Azərbaycan dövləti və ictimaiyyəti birmənalı olaraq qardaş ölkəni dəstəkləməlidir: 

“Qarabağ Azadlıq Təşkilatı olaraq Türkiyənin hərbi əməliyyata başlaması ilə bağlı yazılı müraciət hazırlayırıq. Azərbaycan cəmiyyəti birmənalı şəkildə qardaş Türkiyəyə dəstək verməlidir. Bilirsiz ki, Ermənistanın baş naziri Nikol Paşinyan da bu əməliyyata qarşı toplantı keçirib və açıqlamalar verib. Paşinyanın da narahatlığı başadüşüləndir”.