“Sözün düzü, mən AXCP sədri Əli Kərimlinin ən yaxın adamlarından biri sayılan və partiyanın fəal funksioneri hesab edilən Məmməd İbrahimin sosial şəbəkələrdə yayılan səs yazısı ilə tanış olarkən heç də heyrətlənmədim”.
Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib.
DADP sədri bildirib ki, AXCP-nin insan resurslarının yox dərəcəsində olmasını və onların paytaxtın mərkəzindən bir qədər uzaq məkanlarda kütləvi aksiyalar, mitinqlər keçirməyə qadir olmadığını çoxdan bilirdik:
“Bu gerçəklik dəfələrlə mətbuatın gündəmində yer alıb. Lakin Əli Kərimli reallıqdan əlini üzüb ümidlərini tamamilə virtual məkana - sosial şəbəkələrə, Yutub kanallarına bağlayıb. “Troll ordusu” sayəsində sosial şəbəkələrdə yalandan kütləvi "inqilabi" əhval-ruhiyyə formalaşdırmaqla hər dəfə sudan quru çıxmağa çalışır. Amma artıq bu da yetmir. Əli Kərimli sosial şəbəkələrin çətiri altına sığınmaqla nə özünün iflasını, nə də partiyasındakı real həqiqətləri, ziddiyyətləri, uğursuzluqları, ümidsizlikləri gizlədə bilir. Hər şeyin sonu olduğu kimi AXCP sədrinin də virtual kombinasiyalarının əvvəl-axır sonu gəlməliydi. Gəldi də. İndi AXCP funksionerləri bir-birinin ardınca Əli Kərimlinin "sirr"lərini və partiyalarının çarəsiz vəziyyətini faş edir, ictimailəşdirirlər”.
Partiya sədrinin sözlərinə görə, AXCP-də hər həftə hansısa “bomba” partlayır, şok açıqlamalar ard-arda gəlir:
“Lent yazısı da AXCP və “Milli Şura” yetkililərinin niyə Lökbatan meydanına görə cığallıq etmələrinin əsl səbəbini bütün çılpaqlığı ilə ortaya qoydu. Bu hadisələr AXCP rəhbərliyini partiya üzvləri qarşısında da olduqca acınacaqlı vəziyyətə salır. Artıq partiyadaxili etiraz meylləri get-gedə güclənməkdədir. İstisna etmirəm ki, Əli Kərimlinin bu əcaib siyasi mübarizə metodları sıravi cəbhəçilər arasında narazılığın daha da artmasına səbəb olacaq və yaxın perspektivdə təşkilatdan ciddi qopmalara gətirib çıxaracaq. Əli Kərimlinin vaxtilə siyasi məkana yerləşdirdiyi "gec partlayan minalar" indi onun öz ayaqları altında partlayır”.