Müsavat Partiyası tam demokratik seçki keçirə bilmir - AKTUAL

İddia olunur ki, Arif Hacılı yenə başqan seçilsə, partiyada “yarpaq tökümü” başlayacaq 



Müsavat Partiyasının başqanlığına iddialı üç namizəd arasında debat keçirilib. Başqanlığa namizədlərdən ikisi Yadigar Sadıqlı və Tofiq Yaqublu partiya daxilində plüralizmin olmamasını tənqid ediblər. Onlar hazırkı başqan Arif Hacılının rəhbər olduğu dövrdə tənqidi fikirlər səsləndirdiklərinə görə qınaq obyektinə çevrildiklərini deyiblər. Y.Sadıqlı bildirib ki, son 5 ildə partiyada idarəçilik ürəkaçan olmayıb və rəhbərliyin yanlış idarəetməsi nəticəsində yetərincə prinsipial reaksiya ortaya qoya bilməyib: “İsa Qəmbərin Müsavat daxilində ciddi nüfuzu var və qurultay öncəsi üzvləri Arif Hacılıya səs verməyə səsləməsi seçkilərin nəticələrini şübhə altına salır”. Arif Hacılı isə rəqiblərinin ittihamları ilə razılaşmadığını söyləyib: “Müsavat daxilində plüralizm olmasaydı, belə bir debat keçirilməzdi və siz mənim haqqımda tənqidi fikirlər səsləndirə bilməzdiniz”. 

Debatla bağlı fikirlərini “Şərq”ə bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, ümumiyyətlə, siyasi rəqiblərin debat təşkil etməsi müsbət haldır. Digər siyasi partiyalarda belə hal müşühidə edilmir.



Analitikin sözlərinə görə, debatın realaşması müsbət tendensiya olsa da, İsa Qəmbərin prosesə müdaxiləsi siyasi təzyiq kimi dəyərləndirilə bilər:

“Düzdür, İsa Qəmbər partiyada nüfuza malikdir və faktiki olaraq, partiyanın başqanı o özüdür. Arif Hacılı də ciddi siyasətçidir. Lakin o da tənqidə dözümsüzdür və təşkilatda özünə rəqib olmasını istəmir. Onun başqan olduğu müddətdə partiya heç bir uğura imza ata bilmədi. Müsavatçılar öz başqanını dəyişmək şansına malik olmalıdırlar. Arif bəy növbəti dəfə başqan seçilsə, ehtimal edirəm ki, digər namizədlər və onların tərəfdarları partiyanı tərk edəcəklər. Bütün çabalarına baxmayaraq, Müsavat tam demokratik seçki keçirə bilmir. Düzdür, digər partiyalarda sədrliyə namizədliyini verənləri linç edə bilərlər. Bu baxımdan, İsa Qəmbərə təşəkkür düşür, lakin “yarı demokrat” olmaq mümkün deyil. Yeni simalara imkan yaradılmalıdır ki, partiya idarəçiliyində fəal iştirak edə bilsinlər”.