Ermənistanın terrorcu sevgisi: Nijdenin heykəli bunun bariz nümunəsidir

“Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir”.

Bunu Sherg.az-a açıqlamasında millət vəkili Tahir Mirkişili deyib. 

Deputat bildirib ki, müasir dünyada faşizm ideyalarının təbliğ olunması və faşistlərin "qəhrəman"laşdırılması ən təhlükəli meyldir: 

“Ermənistan dünyada nadir ölkələrdəndir ki, faşist Qaregin Njdeyə rəsmi olaraq heykəl ucaldıb və onu "milli qəhrəman" statusuna yüksəldib. Njdenin faşistlərlə əlaqəsi, 25 minlik erməni faşist legionun yaradılmasında rolu, bütün keçmiş sovet xalqlarından formalaşan sovet ordusuna qarşı döyüşməsi və yəhudilərə qarşı soyqırımda aktiv iştirakı danılmazdır və sənədlərlə artıq sübut olunub. Qaregin Njde həm də 1918-1921-ci illərdə Zəngəzur mahalında yerli azərbaycanlılara qarşı vəhşi cinayətlərin törədilməsinə də başçılıq edib. Belə bir faşist cinayətkara Ermənistan hökuməti tərəfindən heykəl qoyulması ilk növbədə Ermənistanın əvvəlki hökumətinin xislətindən, faşist ideyalarının daşıyıcısı olmasından irəli gəlir. Çünki məhz onlar eyni faşist metodları ilə Dağlıq Qarabağda azərbaycanlıların qətlininin müəllifləri idi”. 



Deputat: “Prezident İlham Əliyevin bu qətiyyətli mövqeyi regionun bütün xalqlarının maraqlarına xidmət edir”


Parlament üzvü bildirib ki, Prezident İlham Əliyevin Aşqabadda MDB ölkələrinin dövlət başçılarının görüşündə bu məsələni qaldırması, tarixi faktlarla əsaslandırması və Ermənistanın indiki hökümətini heykəlin götürülməsinə çağırması bu qara ləkənin təmizlənməsinə çağırış idi: 

“Bu, həm də Ermənistan hökumətinin faşizmə qarşı vuruşmuş öz erməni xalqına hörmət etməsinə bir çağırış idi. İndiki erməni gənclərinin faşizm ideyaları ilə zəhərlənməsinin qarşısının alınmasına çağırış idi. Regionda sülh, əmin amanlıq və mehriban birgə yaşayışda ən çox maraqlı olan bir ölkə kimi Azərbaycan qonşuluğunda faşizm ideyalarının çiçəklənməsinə qarşıdır və bunu regionun xalqları üçün ən böyük təhlükə görür. Məsuliyyətli və regionun gələcək taleyində maraqlı olan bir lider kimi cənab İlham Əliyevin bu məsələdə qətiyyətli mövqeyi regionun bütün xaqlarının maraqlarına xidmət edir!”.