“Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasına qərar verib. Özbəkistanın Şuraya qatılması bir neçə səbəbdən türkdilli dövlətlər, o cümlədən Azərbaycan üçün faydalıdır”.
Bunu Sherg.az-açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Politoloq bildirib ki, Özbəkistanın təşkilata qatılması ilə türkdilli dövlətlər arasında inteqrasiya artacaq:
“Özbəkistan Azərbaycanın, Türkiyənin və Qazaxıstanın yer aldığı regional layihələrdə iştirak edə bilər. Məsələn, Özbəkistan Qazaxıstan kimi Bakı-Tbilisi-Qars dəmiryolundan istifadə edərək mallarını dünya bazarlarına çıxarmaq istəyir. Digər yandan, Özbəkistandan sonra Türkmənistanın da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qoşulması aktuallaşıb. Aşqabad hələ ki, təşkilata müşahidəçi statusunda qatılmaq istəyir. Özbəkistanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına qaytaran Ankara, Türkmənistanın da eyni addım atmasını istəyir. Ankara TDƏŞ-nin mühüm regional oyunçuya çevrilməsində maraqlıdır. Təsadüfi deyil ki, sentyabr ayında Şuranın Macarıstanın paytaxtı Budapeştdə ofisi açıldı. Açılışda Macarıstan, Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın xarici işlər nazirləri iştirak edirdi. Açılışdan sonra təşkilatın Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirildi”.
Politoloq: "Özbəkistan Azərbaycanın, Türkiyənin və Qazaxıstanın yer aldığı regional layihələrdə iştirak edə bilər"
Analitik bəyan edib ki, Macarıstanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında yer alması hər iki tərəf üçün faydalıdır:
“Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Macarıstan vasitəsi ilə Avropada mövqelərini gücləndirəcək. Öz növbəsində özünü türk dünyasının tərkib hissəsi hesab edən Macarıstan təşkilat vasitəsilə türk dünyası ilə siyasi və iqtisadi əlaqələrini gücləndirəcək. Türkdilli dövlətlərin regional layihələrində iştirak edəcək. Qərb və ərəb dövlətləri bir ağızdan Türkiyənin Suriyada terrorçulara qarşı həyata keçirdiyi hərbi əməliyyata qarşı etrazlarını bildirir, Ankaranı sanksiyalarla hədələyirlər. Belə vəziyyətdə Türkiyə həqiqi dostlarını yanında görmək istəyir. Türkiyənin Suriyada başladığı hərbi əməliyyata real olaraq 3 ölkə - Azərbaycan, Pakistan və Qətər dəstək verib. Ona görə də Bakıda keçirilən Türk Şurasının toplantısında təşkilatın və eyni dili və kökü bölüşən üzvlərin Türkiyəyə dəstək bəyanatı qəbul etməsinə böyük ehtiyac var”.