“Aşqabadda keçirilən MDB dövlət başçılarının sammitində Prezident İlham Əliyevin Paşinyana "sürpriz" hazırlaması sözün əsl mənasında diplomatik və siyasi demarş idi”.
Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Huseynov deyib.
Partiya rəhbəri bildirib ki, Prezident İlham Əliyev II Dünya müharibəsində faşizm üzərində qələbədə Azərbaycan xalqının oynadığı rolu xatırladıb:
“Dövlət başçısı haqlı olaraq qeyd etdi ki, MDB dövlətlərinin bəzilərində, xüsusilə də Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması halları baş verir: - “Ermənistanda keçmiş hakimiyyət İrəvanın mərkəzində faşistlərə xidmət etmiş Qareqin Njde ləqəbli faşist cəlladına abidə ucaldıb. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökmədi. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılasına yer yoxdur”.
Azərbaycan lideri Ermənistanın bu gün də faşizmə dəstək verdiyini və faşist siyasət yürütdüyünü vurğuladı. Paşinyan İlham Əliyevin haqlı fikirlərini təkzib etməyə çalışsa da, məntiqsiz fikirləri ilə özünü biraz da çətin vəziyyətə saldı. Paşinyanın savadsız və saxtakar çıxışını şərh edən Rusiyanın “Milli müdafiə” jurnalının baş direktoru, tanınmış hərbi ekspert İqor Korotçenko haqlı olaraq Paşinyana Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyası tərəfindən nəşr olunan 12 cildlik “1941-1945-ci illər Böyük Vətən Müharibəsi” ensiklopediyasını oxumağı tövsiyə edib. Hərbi ekspert erməni baş nazirə təhsilindəki boşluğu doldurmağı təklif edib. İlham Əliyevin parlaq diplomatik revanşının Paşinyanı növbəti dəfə öz ölkəsində siyasi qüvvələrin və erməni ictimaiyyətinin sərt təpkilərinə məruz qoyacağı şəksizdir. İndi Paşinyanın siyasi iflası bir qədər də sürətlənəcək”.