“Dünyada gedən prosesləri təhlil etdikdə, belə bir qənaət əldə olunur ki, gələcəkdə türkdilli ölkələrin əməkdaşlığı daha da möhkəmlənəcək”. Bunu Sherg.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib.
Deputat vurğulayıb ki, Türk Şurası perspektivdə Avropa Birliyi kimi güclü söz sahibinə çevrilə bilər:
“Türk ölkələri ilə əməkdalıqda ölkəmizin mövqeyi olduqca zəruridir və körpü yolunu oynayır. Türkiyənin terrorçuluğa qarşı apardığı mübarizədə qardaş ölkələrin bir araya gələrək dəstək vermələrinin əhəmiyyəti olduqca böyükdür. Həmçinin, Avropa Parlamentində Türkiyənin əleyhinə qətnamənin qəbul olunmasına imkan verməyən Macarıstan baş naziri Viktor Orbanın iştirakı da sammitin nüfuzunun artması deməkdir. Xüsusi olaraq Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin böyük bir nümayəndə heyəti ilə birlikdə Türk Əməkdaşlıq Şurasının işində iştirakını vurğulamaq istərdim. Hamıya bəllidir ki, uzun illər müəyyən səbəblərə görə, Özbəkistan Türkdilli Ölkələrin Əməkdaşlıq Sammitlərində iştirak etmirdi. Ancaq yeni Prezident cənab İlham Əliyevlə görüşündə səmimi, xeyirxah fikirləri ilə Azərbaycana olan münasibətini tam açıqlığı ilə ortaya qoydu. Adətən MDB dövlət başçıları, hətta türkdilli dövlətlərin rəhbərləri bəzi hallarda ərazi bütövlüyümüzlə bağlı qəti fikir deməkdə ehtiyatlanırdılar. Bu baxımdan Mirziyoyevin qətiyyətli mövqeyi, həm ikitərəfli münasibətlərə, həm də türkdilli ölkələrin inteqrasiyasına öz töhfəsini verəcək”.
Nəsib Məhəmləliyev: "Heç bir şübhə yoxdur ki, türk ölkələrinin liderləri cənab İlham Əliyevin timsalında etibarlı, cəsarətli, güclü lider görürlər"
Parlament üzvü bildirib ki, Prezidenti İlham Əliyevin “Valday”, diskussiya klubunda və Aşqabad sammitindəki tarixi faktlara söykənən və qətiyyətlə ermənilərin iç üzünü açan çıxışı, digər dövlət başçıları üçün bir növ presedent yaradıb:
“Heç bir şübhə yoxdur ki, türk ölkələrinin liderləri cənab İlham Əliyevin timsalında etibarlı, cəsarətli, güclü lider görürlər. Qazaxıstan lideri Nursultan Nazarbayevin Türk Əməkdaşlıq Sammitinin Fəxri sədri seçilməsi isə hər bir azərbaycanlının qəlbinin səsidir. O, əsl ağsaqqal kimi, bütün səviyyələrdə prinsipiallıq göstərərək Azərbaycanın mövqeyini dəstəkləyib. Baxmayaraq ki, Qazaxıstan Kollektiv Müdafiə Təşkilatında, Avrasiya İttifaqında düşmən Ermənistanla eyni təşkilatda təmsil olunur. Lakin zaman-zaman erməni rəhbərlərini aşağılamaqdan belə çəkinmir".