İslahatlara qarşı olan məmurlara hökumətdə yer yoxdu: Gənc və biliklilər irəli çəkilməlidir

“Cənab Prezident çox mühüm bir məqama toxundu. Dövlət başçısı çıxışında qeyd etdi ki, dünya dəyişir, yeni çağırışlar və trendlər meydana gəlir”.  Bunu Sherg.az-a açıqlamasında İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı deyib.  

Gənc fəal bildirib ki, dövlət başçısının da vurğuladığı kimi dünyanın müasir tələblərinə cavab vermək üçün savadlı, çevik, intellektual və hadisələrə operativ reaksiya verən kadrlarla işləməliyik: 

“Prezident bununla bağlı baş nazirə tapşırıq verdi. Çox mühüm tapşırıqdır. Azərbaycanda gənclər daim dövlət idarəetməsində iştirak ediblər və hakimiyyətin müxtəlif qollarında çalışıblar. Amma 15 oktyabr müşavirəsində dövlət başçısı gənclərə olan diqqət və qayğısını bir daha ortaya qoymuş oldu. Prezidentin rəhbərliyi altında və onun qətiyyətli siyasi iradəsi nəticəsində ölkəmizdə genişmiqyaslı islahatlar aparılır. Bu islahatlar həyatın bütün sahələrini əhatə edir. Ancaq şübhə yoxdur ki, ölkədə şəffaflığın təmin edilməsi üçün mühüm addımların atılması illərdən bəri korrupsiya ilə məşğul olan, islahatlara qarşı çıxan şəxsləri narahat etməyə bilməz. Həmin şəxslər dövlətin tərəqqisini, inkişaf prosesini ləngitməyə çalışırlar. Buna görə də onların müasir dünyagörüşlü gənc kadrlarla əvəzlənməsi zəruridir”. 

F.Şahbazlının sözlərinə görə, bu çıxış Prezidentin gəncliyə olan etimadının göstəricisidir: 

“Gənclərimiz bunu çox yaxşı başa düşür və yüksək qiymətləndirir. Köhnə təfəkkürlü kadrların gənclərlə əvəzlənməsindən sonra Prezidentin başlatdığı islahatlar daha sürətli davam edəcək. Bununla ölkəmiz müxtəlif sahələrdə böyük uğurlar qazanacaq”.