“Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mitinqin Lökbatan qəsəbəsində keçirilməsi təklif edilib. Lakin buna baxmayaraq təşkilatçılar qanunla qadağan edilmiş yerdə aksiya keçirəcəklərini deyirlər”.
Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib.
Ekspert bildirib ki, bütün bunlar AXCP rəhbərliyinin və həmin qanunsuz aksiyanın təşkilatçılarının əsas məqsədinin toplantı keçirmək deyil, əhalinin kütləvi toplaşdığı və qanunla qadağan edilmiş yerlərdə ictimai asayişin pozmaq olduğunu göstərir:
“Müxalifətin əsas vəzifəsi hakimiyyətə gəlmək olmalıdır. Hakimiyyətin tənqidi də normaldır. Lakin, AXCP və “Milli Şura”nın istəyi Azərbaycanı xaosa çevirmək, donorlarının maraqlarını icra etməkdir. Azərbaycanın uğurlarına sevinməyən, coğrafi cəhətdən kiçik dövlətin qlobal layihələrə imza atmasını istehza ilə qarşılayan “Milli Şura” qərəzli olmasını sübut etdi. Məgər son iki ildə Azərbaycanın iradəsi ilə TANAP, TAP və Bakı-Tbilisi-Qars layihələrinin reallaşdırılmasında hökumətin müstəsna əməyini, xüsusən dövlət başçısının xidmətini danmaq olarmı? AXCP olmayan problemlərdən danışır. Son 9 ayda qeyri-neft sənayesi 15 faiz, kənd təsərrüfatı 7 faizdən çox artıb. Xarici dövlət borcumuz ümumi daxili məhsulun cəmi 17 faizini təşkil edir. İnflyasiya 2 faiz civarındadır. “Doing Business”in hesabatında biznes mühitinə görə dünya miqyasında 25-ci yerdəyik. Son hesabatda Azərbaycan yenə də 20 ən islahatçı ölkə sırasında yer alıb. Beynəlxalq təşkilatların iqtisadiyyatla bağlı bütün statistikalarında ölkəmiz dünyada müsbət dinamikası olan dövlətlər siyahısındadır. Amma radikal müxalifət bu uğurları görmək istəmir”.
Z.Məmmədovun sözlərinə görə, radikal qrupların ölkəni xaosa çevirmək cəhdlərinə imkan vermək olmaz:
“Nəticəsindən asılı olmayaraq, hakimiyyətin gördüyü bütün işləri tənqid edən “Milli Şura” sosial şəbəkələrdəki provokator robotları ilə apardığı bu siyasət cəmiyyətin əksər hissəsi tərəfindən rədd edilir. Ölkədə və dünyada gedən siyasi proseslərdən başı çıxan hər kəs yaxşı bilir ki, dünyanın heç bir dövləti iğtişaşlardan, ictimai qarşıdurmalardan “ağ günə” çıxmayıb.