Hüquq müdafiəçisi hesab edir ki, bu işdə Rusiyanın vasitəçiliyi həlledicidir
Növbəti dəfə regiona səfər edən ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağda separatçı rejimin rəhbərliyi ilə görüşərək girovların mübadiləsini müzakirə ediblər. Bununla bağlı məlumatı Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov deyib. Onun sözlərinə görə, separatçı rejimin rəhbəri ilə görüş zamanı humanitar məsələlər müzakirə olunub: “Biz bu yaxınlarda Cenevrədə Beynəlxalq Qızıl Xaç Komitəsinin sədri Piter Mauerlə görüşüb, bu mövzu ətrafında söhbət aparmışıq. Saxlanılan şəxslərin dəyişdirilməsi məsələsinə də toxunduq. Bu mənada bir neçə ideyamız var, onların reallaşması üçün işlər davam edir”.
Xatırladaq ki, tərəflər arasında girovların qarşılıqlı dəyişdirilməsi məsələsi bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən də gündəmə gətirilib. Ekspertlərin fikrincə, Moskvanın sözügedən məsələnin müzakirəsinə başlaması girovların dəyişdirilməsi ilə nəticələnə bilər.
Gündəmə gələn məsələni “Şərq”ə təhlil edən Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov hesab edir ki, artıq girovların dəyişdirilməsi məsələsi Azərbaycan və Ermənistan tərəfləri arasında aktiv müzakirə predmetidir. Onun sözlərinə görə, proseslərin gedişi Kremlin məsələnin həlli ilə ciddi məşğul olduğunu göstərir:
“Xatırlayırsızsa, “Valday” konfransında Sergey Lavrov bu məsələ ilə bağlı münaqişə tərəflərinin hazırlıq gördüyünü demişdi. Təqribən 10 gün sonra girovlarla bağlı növbəti açıqlama yenə Rusiya təmsilçisindən gəldi. Bu da onu göstərir ki, girovların dəyişdirilməsi yaxın günlərdə reallaşa bilər. Biz bu məsələdə həmsədr Moskvanın fəal vasitəçiliyini görürük. Hətta Rusiya beynəlxalq təşkilatlardan daha effektiv iş aparır. Şəxsən mən girovlar məsələsində ATƏT-in Minsk Qrupundan daha çox Kremlin vasitəçiliyinə ümid bəsləyirəm. Çünki Minsk Qrupu son illərdə əsir və girovlarla bağlı heç bir real addım ata bilməyib”.
Hüquq müdafiəçisi mühüm bir məqamı da diqqətə çatdırıb:
“Aprelin 30-da Rusiyanın XİN rəhbəri S.Lavrov İrəvana müraciət edərək rəsmi Bakının təklif etdiyi “hamının-hamıya” prinsipinə müsbət cavab verilməsini tələb etmişdi. Bu açıqlamadan iki-üç həftə sonra mülki girovumuz Elvin İbrahimov ilə erməni diversant Z.Karapetyan dəyişdirildi. Bu baxımdan Rusiyanın məsələdə vasitəçiliyi həlledicidir. İqor Popovun açıqlaması da girovların dəyişdiriləcəyinə böyük ümid yaradır”.