“Milli Şura”nın baş tutmayan, icazəsiz aksiyası bir daha onu göstərdi ki, müxalifət həqiqətən də köhnəlib, qocalıb”. Bunu Sherg.az-a açıqlamasında Demokratik Azərbaycan Dünyası partiyasının sədri Əlisahib Hüseynov deyib.
Partiya rəhbəri bildirib ki, radikal müxalifət sözün hər iki mənasında - həm fiziki, həm də mənəvi-siyasi planda qocalıb:
“Onların istifadə etdikləri şüarlar, səsləndirdikləri təkliflər və metodlar 1990-cı illərin əvvəllərində qalıb. Lakin dövr dəyişib, artıq 2019-cu il başa çatmaq üzrədir. Zaman tamamilə yeni şərtləri diktə edir. Cəmiyyətin siyasətə və siyasətçilərə münasibəti kökündən dəyişib. Aydın görünür ki, indi əhalinin əksər hissəsi müxalifəti dəstəkləmir. Niyə? Bax, bunun səbəbləri barədə ciddi-ciddi düşünmək lazımdır. Sadəcə mitinq taktikasının ümidinə qalmaqla və yeri gəldi-gəlmədi hər aksiyada “istefa”, “azadlıq” şüarları qışqırmaqla keyfiyyətli müxalifət olmaq, uğurlu müxalifətçilik etmək mümkün deyil. Müxalifət həm formaca, həm də keyfiyyətcə dəyişməli, yenilənməlidir. Dəyişmək istəmədikcə, bu radikal müxalifət öz iflasını gün-gündən yaxınlaşdıracaq”.