Qoşulmama Hərəkatının Bakı Zirvəsindən narahat olanlar: Ermənistan və Milli Şura



Qoşulmama Hərəkatının miqyası, siyasi və iqtisadi potensialı, dünya siyasətinə təsir imkanlarını nəzərə alsaq, bu Zirvə Görüşünün ölkəmiz üçün əhəmiyyəti olduqca böyükdür.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, müstəqil Azərbaycan Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi edir və bu da ölkəmizin tarixində ən iri beynəlxalq siyasi tədbirlərdən biridir: "Bu məqam sözsüz ki, dünya politoloqların və ekspertlərin diqqətini cəlb etməyə bilməz. Yer kürəsi əhalisinin təqribən 55 faizinin Qoşulmama Hərəkatı ölkələrində yaşadığını, dünyada neft ehtiyatlarının 75 faizindən və qaz ehtiyatlarının 50 faizindən çoxunun bu dövlətlərin ərazisində yerləşdiyini nəzərə alsaq Bakıda belə bir Zirvə Görüşünün keçirilməsi ölkəmizə effektli platforma imkanları, mühüm dividentlər gətirəcəyi də proqnozlaşdırılır.

Ölkəmizin dünyanın yarıdan çoxunun təmsil olunacağı beynəlxalq tədbirə ev sahibliyi etməsi, şübhəsiz ki, Azərbaycan apardığı xarici siyasətin Qoşulmama Hərəkatının prinsipləri ilə uyğunluğunun, artan beynəlxalq nüfuzunun daha bir sübutudur.

Ən əsası isə Qoşulmama Hərəkatının Bakıda keçirilən Zirvə Görüşü dünyanın diqqətini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etmək üçün daha bir imkandır. Bu münaqişənin həllinə ölkəmizin ərazisinin 20 faizini işğal etmiş Ermənistanın qeyri-konstruktiv mövqeyi, dünyada mövcud olan ikili standartlar, təcavüzkara təsir göstərmək, onu sivil normalar çərçivəsində davranmağa məcbur etmək üçün hüquqi mexanizmlərin olmaması və ya qeyri-mükəmməlliyi mane olur".

N.Həmzəyev bildirib ki, 2019-2022-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək ölkə, dünya birliyinin məsuliyyətli üzvü kimi kimi Azərbaycan diqqəti təkcə öz probleminə cəlb etməyəcək, beynəlxalq münasibətlər sistemində Hərəkatın rolunun və nüfuzunun daha da artırılması, beynəlxalq səviyyədə onun baza prinsiplərinin inkişaf etdirilməsinə də xidmət edəcək: "Əlbəttə ki, Qoşulmama Hərəkatının iştirakçısı olan bütün ölkələr daha yaxşı, firavan dünyada yaşamaq istəyirlər. Bunun üçün iştirakçı ölkələr birləşərək planetimizi daimi sürətlə silahlanma, sərt qarşıdurma və özbaşına sanksiyalar arenasına çevirmək cəhdlərinə qarşı yönəldə bilərlər. Qoşulmama Hərəkatının keçən ilin aprelində Bakıda keçirilmiş "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi" mövzusunda nazirlər konfransında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi - "Biz bir-birimizi dəstəkləməliyik. Qarşımızda demək olar ki, oxşar çağırışlar, problemlər dayanır. Keçmişimiz də müəyyən dərəcədə oxşardır. Biz hamımız istəmirik ki, kimsə bizdən nə etməyi tələb etsin, işlərimizə müdaxilə etsin, bizə diktə etsin. Bunun üçün biz güclü olmalıyıq. Biz yalnız birlikdə olduqda güclü ola bilərik".

İnanırıq ki, XVIII Zirvə Görüşü, həm də Azərbaycanın sədrliyi dövrü Qoşulmama Hərəkatının tarixində xüsusi yer tutacaq. 2019-2022-ci illərdə Qoşulmama Hərəkatında sədrlik edəcək Azərbaycan üzərinə düşən məsuliyyətin öhdəsindən layiqincə gələcək".

Millət vəkili təəssüf hissi ilə qeyd edib ki, radikal müxalifət işğalçı Ermənistanın Azərbaycana qarşı keçirdiyi eyni kampaniyanı həyata keçirir: "Milli Şuranın "liderlərinin" səsləndirdiyi açıqlamalar işğalçı ölkənin anti-Azərbaycan kampaniyasının ideoloji istiqamətləri ilə tamamilə üst-üstə düşür. Oktyabrın 19-da keçirilmiş qanunsuz mitinq cəhdlərinin əsas məqsədləri ölkə daxilində gərginlik yaratmaq, dövlət strukturlarını adekvat addımlar atmağa məcbur etmək və xaricdə anti-Azərbaycan şəbəkəsini işə salmaq üçün zəmin yaratmaq idi".

Onun sözlərinə görə, Milli Şura tərəfindən Zirvə Görüşündən öncə atılan addımlar prosesə mane olmaq məqsədi daşıyırdı: "Onlar hər yol ilə cəmiyyətdə hökumət və onun siyasəti ilə bağlı yaranan müsbət rəyə kölgə salmağa çalışırlar. Reallıq budur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə hakimiyyətin istər daxili siyasətdə, istərsə də diplomatik müstəvidə qazandığı hər bir uğur radikal müxalifətin fiaskosunu kəskinləşdirir".

Deputat vurğulayıb ki, onların açıqlamalarından aydın olur ki, radikalların "liderləri"nin beynində hələ də qarışıqlıq və xəyallar hökm sürür, bütün uğursuzluqlara baxmayaraq, onlar hələ də ağıllanmayıblar: "Radikal müxalifət siyasi qüvvə olaraq artıq uzun müddətdir ki mövcud deyil, çünki elektoratı yoxdur. Onların problemi ondadır ki, onlar öz ölkələrini Vətənləri kimi qəbul etmirlər - onlar üçün milli maraqlara xəyanət anlayışı sadəcə mövcud deyil, çünki şəxsi maraqlar və xəyalların ambisiyaları hər şeydən üstündür. Mənə elə gəlir ki, onların guya ölkəyə qarışıqlıq və süni xaos gətirəcək bir alət kimi istifadə olunmalarından belə xəbərləri yoxdur".

Qeyd edək ki, oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. Görüşdə Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verilib. Beləliklə, Azərbaycan Respublikası 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək.

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünə, ümumilikdə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı, həmçinin beynəlxalq təşkilatların rəhbərləri qatılıb.