Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyan Qarabağ nizamlanması ətrafında aparılan danışıqların gündəliyindən, eləcə də yaxın gələcəkdə Xarici İşlər Nazirləri səviyyəsində planlaşdırılan görüşlərdən danışıb.
“Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Aşqabadda baş tutan söhbət faydalı olub”.
Bunu Ermənistanın Xarici İşlər naziri Zohrab Mnaçakanyan bazar ertəsi bolqar həmkarı Yekaterina Zahariyevlə keçirdiyi brifinqdə deyib:
“Biz iki tərəfin də barış üçün əlverişli atmosfer yaratmasına dair müəyyən yanaşmaları, prinsipləri təsdiq edə bildik”.
Onun sözlərinə görə, hazırkı mərhələdə iki lider arasında başqa görüş planlaşdırılmır:
“Görüşlərin Xarici İşlər nazirləri səviyyəsində davam etdirilməsi planlaşdırılır. Onlardan birinin qarşıdakı aylarda keçiriləcəyi artıq müəyyənləşdirilib”.
Görüşün gündəliyində isə birbaşa sülh yolu ilə tənzimlənmə və buna nail olmaq üçün atmosferin yaradılmasının da daxil olduğu məsələlər var.
Bu vaxta qədər icra mərhələsində qalan konkret addımlar və razılaşmalar da bu görüşdə müzakirə olunacaq.
İndi hər iki tərəf diqqətini məhz bu məsələlərə yönəldir.