Azər Həsrətdən çağırış: "Arzu xanıma baxıb qeyrətə gəlsinlər"

Ermənipərəst mövqeyi ilə tanınan rusiyalı jurnalist və aparıcı Vladimir Pozner Kaliforniyada çıxışı zamanı Dağlıq Qarabağdan olan azərbaycanlı Arzu Məmmədovanın sualı qarşısında çıxılmaz vəziyyətdə qalıb.

Qarabağ bölgəsindən olduğunu deyən Arzu Azərbaycanda bütün xalqların sülh şəraitində yaşadığını və heç bir xalqa, o cümlədən İsrail vətəndaşlarına qarşı ayrı-seçkilik olmadığını deyib. O qeyd edib ki, Vladimir Pozner kimi səviyyəli jurnalist qərəzsiz olmalıdır:

“Dağlıq Qarabağ- Ermənistanın rəsmi olaraq işğal etdiyi ərazidir. Azərbaycanın işğal olunmuş ərazilərinin qeyd-şərtsiz qaytarılması barədə BMT qətnamələri var. Dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır”.

A.Məmmədova bildirib ki, azərbaycanlılar və ermənilər uzun illər Dağlıq Qarabağda birlikdə yaşayıb, hətta indiyədək Bakının mərkəzində erməni kilsəsi yerləşir.

“Siz Ermənistanı dəstəkləməklə qadın və uşaqların qatillərini alqışlayır, mən və ailəm də daxil olmaqla məcburi köçkün düşmüş minlərlə azərbaycanlıya qarşı ayrı-seçkilik edirsiniz. Sizcə, söz azadlığı ilə nifrət hissi arasındakı xətt haradan keçir?”.

Nə deyəcəyini bilməyən Vladimir Pozner Dağlıq Qarabağın Ermənistanın rəsmi olaraq tanınan ərazisi adlandırıb. Bu zaman Məmmədova onun sözünü kəsərək Dağlıq Qarabağın Azərbaycanın rəsmi ərazisi olduğunu bildirib.

Məsələni dəyərləndirən siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət Sherg.az-a bildirib ki, Azərbaycan gəncinin kifayət qədər tanınmış rusiyalı jurnalistə Amerikada məhz bu cür münasibət sərgiləməsi və onu çıxılmaz vəziyyətdə qoyması sevindirici haldır:

“Biz azərbaycanlılar hər zaman haqlı tərəfik. Ermənistan və ermənilər, eyni zamanda onları dəstəkləyən Pozner kimi adamlar isə haqsız tərəfdir. Sadəcə olaraq onların haqsızlığını üzlərinə demək lazımdır. Yeri gəldikcə beynəlxalq platformalarda bu adamların haqsız olduğunu arqumentləşdirilmiş şəkildə ictimaiyyətə çatdırmaq vacibdir. Gənc vətəndaşımız Arzu xanım belə davrandı. O, Poznerə kifayət qədər arqumentləşdirilmiş şəkildə nəyin nə olduğunu başa saldı. Pozner isə nala və mıxa vuraraq cavab verməyə çalışsa da, cavabı tutarlı deyildi”.

"Ermənilərlə eyni platformadan deyil onlara qarşı çıxış etsinlər"


“Gənclərimizin beynəxalq platformalarda səsimizi duyurması üçün nə kimi tədbirlər görmək lazımdır? sualına gəlincə jurnalist qeyd edib ki, illər öncə bununla bağlı təşəbbüs irəli sürüb:

“Müxtəlif mərhələlərdə qeyd etmişəm ki, biz beynəlxalq platformalardan iştirak edib Azərbaycanın sözünü deyiriksə, orada işğal altındakı torpaqlarımızdan olan şəxslərin iştirakı vacibdir. Təşəbbüs irəli sürmüşdüm ki, qaçqın və köçkün jurnalistlər birliyi quraq. Mənim bu məsələ ilə bağlı planım var idi. Bu plan əsasında həmin təşkilatı beynəxalq jurnalist təşkilatlarına üzv edəcəkdim. Sağ olsun millət vəkili Aqil Abbas səsimə səs verdi.  Təəssüflər olsun ki, biz uyğun bir adam tapa bilmədik ki, onu həmin təşkilatın rəhbəri kimi irəli sürək. Hər zaman deyirəm ki, gənclərimiz və ayrı-ayrı siyasət adamlarımız bu cür məsələlərdə həssas olsun. Çox sevindirici haldır ki, son vaxtlar Qarabağın Azərbaycanlı İcmasının rəhbəri dili və dünya görüşü, intellekti olan normal bir adamdır. Söhbət Tural Gəncəliyevdən gedir. Adam sosial mediadan yüksək səviyyədə istifadə edir, ingilicəsi də yüksək səviyyədədir. Yəni, sözünü deyə bilir, özünü təqdim etməyi bacarır və dərdlərimiz başa sala bilir. Təəssüf ki, ona qədərki icma rəhbəri haqqında bu sözləri deyə bilmirik. Onun varlığı ilə yoxluğu bilinmirdi, ümumiyyətlə onu hansısa beynəlxalq platformaya çıxarmaq mümkün deyildi”. 

A.Həsrət bildirib ki, gənclərimizin kordinə edilmiş şəkildə beynəlxalq platformalarda irəli çəkilməsi çox vacibdir:

“Arzu xanım sağ olsun ki, öz təşəbbüsü ilə bu addımı atıb və biz bunu hər zaman alqışlayırıq. Arzu edirik ki, başqa gənclərimiz də bu cür fəal olsunlar. Xüsusən də işğal altındakı torpaqlarımızdan olanların fəal olması sevindiricidir. Dövlət bu işi kordinə etməlidir ki, gənclərimiz əllərinə düşən bütün fürsətlərdən istifadə etsinlər. Demirəm ki, heç kim istifadə etmir, edənlərimiz az deyil. Sadəcə olaraq bu prosesi bir qədər də yüksək pilləyə daşımaq üçün kordinə edilmiş bir işə ehtiyac var. Yəni, ATƏT-in, Avropa Şurasının və ya BMT-nin hansısa tədbirində bir var Azər Həsrət danışır, bir də var ki, Şuşadan, Zəngilandan olan bir gəncimiz çıxış edir. Bunun effekti tamam başqadır. Ona görə də Arzu xanımın bu təşəbbüsünü dəstəkləyirəm. Çox istərdim ki, başqa gənclərimiz də bu cür çıxışlar etsinlər. Eyni zamanda Azərbaycan müxalifətinin liderliyinə iddia edən bəzi şəxslər var. Onların övladları da xarici ölkələrdədirlər. Həmin gənclər haqqında xoş sözlər eşitmirik. Onlar azacıq da olsa, Arzu xanıma baxıb qeyrətə gəlsinlər və ermənilərlə eyni platformadan deyil onlara qarşı çıxış etsinlər”.