Rusiyanın Krasnodarsk diyarının Armavir şəhərində yerli qanunvericilik orqanının deputatı erməni cəlladı Qaregin Njdenin xatirə lövhəsinin üstünü qara rənglə boyayıb. Şəhərin erməni diasporunun və Ermənistanın Rusiyadakı səfirliyinin etirazlarına baxmayaraq, lövhə hələ də bərpa edilməyib.
Azərtac xəbər verir ki, Armavir Şəhər Dumasının deputatı Aleksey Vinoqradov nasist havadarı Qaregin Njdenin erməni apostol kilsəsinin ərazisində quraşdırılmış xatirə lövhəsinin üstünü qara rənglə boyayıb. Deputat iki həftə əvvəldən yerli hakimiyyət orqanlarına və Rusiya Erməniləri İttifaqının yerli bölməsinin üzvlərinə lövhəni sökməyə iki həftə vaxt vermişdi. Bu müddət bitəndən sonra deputat faşist havadarının “əziz xatirəsi”nin üzərindən özü xətt çəkməli olub.
Aleksandr Vinoqradov dəfələrlə bildirib ki, Üçüncü Reyxlə əməkdaşlıqda adı hallanan şəxslərin xatirəsinin əbədiləşməsi alman qəsbkarlarına qarşı müharibədə qanını tökmüş bir xalq üçün təhqirdir. Sovet xalqı Böyük Vətən Müharibəsində 25 milyon vətəndaşını qurban verib, müharibənin sonunda təkcə Armavirdə şəhər əhalisinin yalnız 30 faizi sağ qalıb.
Armavir əhalisi uzun illərdir Njdenin xatirə lövhəsini sökməyi tələb edir, yerli hakimiyyət orqanlarına, prokurorluğa kollektiv ərizələr yazır. Hakimiyyət orqanları isə guya Rusiya Dövlət Arxivindən Njde barədə sənədlər tələb etdiklərini, lakin hələ cavab almadıqlarını bəhanə gətirirlər. Nəhayət, bu məsələni deputat Aleksey Vinoqradov özünəməxsus şəkildə və deyəsən, birdəfəlik həll edib.
Rusiya Kommunist Partiyasının Krasnodar bölməsinin katibi Aleksandr Safronov özünün sosial şəbəkə hesabında yazır ki, faşizmlə əməkdaşlıqda adı hallanan şəxslərin xatirəsinin əbədiləşdirilməsinə heç vəchlə yol vermək olmaz. Üçüncü Reyxlə əməkdaşlıq etmiş şəxslər cinayətkar və vətən xainidirlər. A.Safronov qeyd edib ki, erməni xalqının Böyük Vətən Müharibəsində qəhrəmanlıq göstərmiş, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş xeyli nümayəndəsi var. Xatirə lövhələri və abidələr məhz bu şəxslərin şərəfinə ucaldılmalıdır.
“Nasionalnaya oborona” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko faşist havadarlarının qəhrəmanlaşdırılmasını tamamilə yolverilməz hesab edir. Onun fikrincə, əgər general Andrey Vlasov (Böyük Vətən Müharibəsi zamanı faşistlərin tərəfinə keçmiş sovet generalı) satqınlar ordusu hazırlayırdısa, Njde arxa cəbhədə strateji obyektlərdə, o cümlədən dəmir yollarında partlayışlar törətməyə qadir diversantların hazırlanması ilə məşğul idi. Müasir beynəlxalq hüquq dilində desək, Njde beynəlxalq terrorçu olub.
Armavir hakimiyyət orqanlarının Njdenin xatirə lövhəsinin quraşdırılmasına icazə verməsi həqiqətən də təəccüb doğurur. Rusiya bütün dünyada faşist havadarlarına bəraət qazandırılmasına qarşı mübarizə aparır. Elə bu il noyabrın əvvəllərində BMT Baş Assambleyası Rusiyanın irəli sürdüyü “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə mübarizə” adlı qətnaməni təsdiqləyib. Qətnamədə dövlətlərə Böyük Vətən Müharibəsinin nəticələrinə yenidən baxılmasına və bu müharibə dövründə törədilən cinayətlərin inkar edilməsinə qarşı tədbirlər görmək tövsiyə olunur.
Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyərək təəssüflə bildirib ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir, Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. Dövlətimizin başçısı xatırladıb ki, 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədə deyilir ki, Ermənistanın keçmiş hakim partiyası Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb, Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada heykəl qoyulub. Prezident İlham Əliyev vurğulayıb ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.
Hərbi ekspert İ.Korotçenko lövhəni quraşdıranlara qarşı faşizmin təbliği maddəsi ilə cinatyət işi açılmasını tələb edərək vurğulayıb ki, Qələbənin 75 illiyi ərəfəsində Rusiya ərazisi Üçüncü Reyxin qəhrəmanlaşdırılması ilə əlaqəsi olan bütün abidələrdən təmizlənməlidir.
Digər ekspert, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov deputat A.Vinoqradovun tamamilə doğru addım atdığını vurğulayıb. O, Njdenin nasist rejiminin əməkdaşı olduğuna şübhə etmir və Armavirdə Njdenin xatirəsinin əbədiləşdirilməsini böyük məsuliyyətsizlik sayır. Politoloq xatırladıb ki, Böyük Vətən Müharibəsi illərində Hitler ilə əməkdaşlıq etmiş bir çox insanlar var, məsələn, Ataman Krasnov, fransız generalı Paten və başqaları. Lakin nə Rusiyada, nə də Fransada onlara heykəl qoyulmur. S.Markov ictimaiyyətin birləşərək Njdenin adının əbədiləşdirilməsi kimi milliyyətçilik təzahürlərinə qarşı etiraz etməsinin vacibliyini vurğulayıb.
Xatırladaq ki, Qaregin Njde Böyük Vətən Müharibəsi illərində nasional sosialistlərin erməni legionunun yaradıcısı olub. O, Şimali Qafqazda Sovet Ordusuna qarşı vuruşub. 1948-ci ildə nasist Almaniyasına havadarlıqda təqsirləndirilərək 25 il müddətinə azadlıqdan məhrum edilib və Vladimir həbsxanasında ölüb.