2010-cu il martın 5-də yenidən İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) seçilən Elmira Süleymanovanın səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.
Bu yaxınlarda Elmira Süleymanovanın yaşı ilə bağlı İnsan hüquqları üzrə müvəkkil postundan istefa verməsi barədə xəbərlər də yayılmışdı. Lakin Ombudsman Aparatı yayılan xəbərləri təkzib edib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli Modern.az-a açıqlamasında yenidən Ombudsman barədə danışıb.
Deputat qeyd edib ki, qanunvericiliyə əsasən, yeni Ombudsman təyinatı olmursa, köhnə Ombudsman səlahiyyət müddəti bitdikdən sonra vəzifəsinin icrasını davam etdirir:
“Təbii ki, bu məsələ prezidentin səlahiyyətində olduğundan gözləyirik. Güman ki, cənab prezident müvafiq addımlar atacaq. Ombudsmanla bağlı məsələni parlamentdə də bir neçə dəfə gündəmə gətirmişəm. Ombudsman Elmira xanım elə bilir ki, onunla şəxsi qərəzliyim var. Əslində elə bir niyyətim də yoxdur. Ombudsman olmaq fikrində də deyiləm”.
Tahir Kərimli “yeni Ombudsman necə olmalıdır” sualını belə cavablandırıb:
“Açıq danışacam. Yeni Ombudsmanın da xanım olmasını çox arzulayıram. Xanımlar daha həssasdırlar. Hətta orta yaşlı xanım təyin olunarsa, bu lap yaxşı olar. Çünki qocalar mühafizəkar, gənclər isə inqilabçı olur. İslah edə-edə, düzəldə-düzəldə bu yerə çatdırmaq lazmdır”.