“Sumqayıt hadisələrini törədən erməni millətçiləridir və erməni dəstələridir”. Bunu Prezident İlham Əliyev noyabrın 21-də Sumqayıt Dövlət Dram Teatrında şəhərin 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, 1985-ci ildə Azərbaycan böyük çətinliklərlə üzləşmişdi:
"Çünki həm iqtisadi sahədə durğunluq hökm sürürdü, eyni zamanda, erməni millətçiləri baş qaldırmışdı, həm Dağlıq Qarabağda, həm də respublikamızın digər yerlərində, o cümlədən Sumqayıtda. Ulu öndər Heydər Əliyevin dövründə Dağlıq Qarabağda azərbaycanlı əhalinin faiz nisbəti kəskin artmışdır, 2 dəfə artmışdır və azərbaycanlı əhali 30 faizə çatmışdır. Əgər Heydər Əliyev 1982-ci ildən sonra Moskvaya getməsəydi və Azərbaycanda qalsaydı, bəlkə də 10 il ərzində artıq orada azərbaycanlı əhali 50 faizə çatacaqdı. Dağlıq Qarabağda erməni millətçiləri Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana vermək haqqında məsələ qaldırırdılar. Əfsuslar olsun ki, Azərbaycan Respublikasının rəhbərliyi bu məsələyə çox biganə yanaşırdı, öz məsuliyyətini dərk etmirdi və beləliklə, vəziyyəti nəzarətdən buraxmışdı. Eyni zamanda, erməni millətçiləri Sumqayıtda da yuva qura bilmişdilər və burada da xoşagəlməz proseslərə artıq təkan verilmişdi.
Məhərrəm Zülfüqarlı: "Hadisədən qısa zaman əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı"
Tarixçi-alim Məhərrəm Zülfüqarlı Sherg.az-a bildirib ki, Prezident dediklərində haqlıdır. Onun sözlərinə görə, Sumqayıtda baş verənlər ermənilərin Azərbaycana və Azərbaycan xalqına qarşı təxribatı idi:
“Məqsəd də hadisələri daha da gərginləşdirmək, azərbaycanlılarla ermənilər arasında düşmənçiliyi şiddətləndirmək idi. O dövrdə bir çox erməni vardı ki, azərbaycanlılarla münasibətləri korlamaq istəmirdilər, təxribatçı soydaşlarının uydurduğu məsələlərə fikir vermirdilər, onların ideyasını dəstəkləmirdilər. Həmin təxribatçılar gördülər ki, Sumqayıt erməniləri bunların ideyasının həyata keçməsinə imkan vermirlər, düşmənçiliyin yaranmasında maraqlı deyillər. Ona görə də, bu cür təxribat xarakterli qətlləri törətməklə məqsədlərini həyata keçirməyə çalışdılar. Bununla Azərbaycanda yaşayan erməniləri "fakt” qarşısında qoymağa çalışdılar ki, düşmənçilik alovlansın...
Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. Qarabağ hadisələri baş verən zaman, o abidə Xankəndində qoyuldu
- Yəni qətlləri ermənilərin özləri planlaşdırıb, həyata keçirdilər ki, nifaq yaransın...
- Bəli, bu faktdır. Konkret olaraq Sumqayıt hadisələrini erməni mərkəzlərinin törətdiyini sübut edən faktlar var. Məsələn, hadisədən qısa zaman əvvəl Sumqayıt polisinin silahı əlindən alınmışdı. Yəni Sumqayıtda hadisələri planlaşdıran mərkəzlərin əli ilə, Moskvadakı qüvvələrin göstərişi ilə polisin silahı yığışdırılmışdı. İkinci bir fakt, hadisələrdən üç gün əvvəl varlı ermənilər əmanət banklarındakı pullarını çıxararaq şəhəri tərk etmişdilər. Həmin varlı ermənilər bilirdilər ki, belə hadisələr baş verəcək. Bundan başqa, Moskvadan erməni mərkəzlərinin göndərdiyi çəkiliş qrupları qabaqcadan Sumqayıta yerləşdirilmişdi. Məqsəd də baş verəcək hadisələri çəkmək idi. Eyni zamanda Sumqayıtda öldürüləcək ermənilər əvvəlcədən müəyyənləşdirilmişdi, onlar üçün abidə də hazırlanmışdı. Qarabağ hadisələri baş verən zaman, o abidə Xankəndində qoyuldu. Bütün bu faktlar sübut edir ki, hadisələr planlı şəkildə hazırlanmış təxribat idi.
- Sumqayıtda öldürülən erməniləri hansı kriteriya ilə müəyyənləşdiriblər?
- Orda ermənilərin özlərinin öldürdükləri soydaşları, Moskvadakı erməni mərkəzlərinə pul köçürməyən, azərbaycanlılarla düşmənçiliyin yaranmasını arzulamayan ermənilər idi. Onlar nifaqın yaranmasına maraqlı olmayan erməniləri siyahıya almışdılar, ünvanlarını müəyyənləşdirmişdilər. Hadisə baş verəndə də, ilk öldürməyə gəldikləri ermənilər məhz düşmənçilik istəməyən ermənilər idi. Təsəvvür edin, binanın birinci mərtəbəsində yaşayan erməni ailəsinə toxunmayaraq, çıxıb 2-ci və ya 5-ci mərtəbədəki erməniləri qətlə yetirmişdilər.
- Təxribatdan əvvəl Sumqayıta kənar adamlar yerləşdirildiyi məlumatları da var...
- Tamamilə doğrudur. Hadisələrdən əvvəl Sumqayıtda heç kimin tanımadığı insanlar peyda olmuşdular. Bu adamlar millətlərarası nifaq səpməyə çalışanlar idi ki, müxtəlif şayiələr yayırdılar. Bu hadisələrin canlı şahidləri də var, tədqiqatını aparanlar da var. Həqiqətlərlə bağlı kifayət qədər materiallar var ki, bunu törədən ermənilər idilər. Amma bunlar dünyada hər şeyi saxtalaşdıraraq təqdim etdikləri kimi, Sumqayıt hadisələrini də saxtalaşdırırlar. Bunu da ermənilərin "soyqırımı” kimi təqdim etməkdədirlər. Biz isə boş dayanmamalıyıq, layiqli cavabını verməliyik.
Hadisəni hazırlayan Moskvadakı erməni mərkəzləri, təşkilatçılarından da biri Sumqayıtda yaşayan erməni əsilli Qriqoryan idi
- Hansı formada?
- Bununla bağlı qeyd etdiyim kimi, çoxlu sübutlar var. Hadisənin planlı təxribat olduğunu faktlarla sübut edə bilərik. Həmçinin hadisənin təşkilatçısının erməni millətindən olan Eduard Qriqoryan adlı şəxs olduğu aydındır. Sonradan ona cinayət işi qaldırıldı. Rusiyaya apardılar, çox yüngül bir cəza verildi, az müddətdə həbsdə yatdıqdan sonra azad etdilər. Bu da daha bir faktdır ki, hadisəni hazırlayan Moskvadakı erməni mərkəzləri, təşkilatçılarından da biri Sumqayıtda yaşayan erməni əsilli Qriqoryan idi ki, özünə "Paşa” ləqəbi götürmüşdü. İndi biz bu qədər faktları, həqiqətləri yaymaqda çətinlik çəkirik. Bir məsəl var ki, "arxalı köpək qurd basar”. Xristian dünyası erməniləri zaman-zaman müdafiə edirlər, onların yalanlarına inanırlar, onların yalanlarının yalan olduğunu bilsələr də, doğru kimi qəbul edirlər. Biz çalışmalıyıq ki, Azərbaycanın mövqeyini müdafiə edən, Azərbaycanın haqqını, həqiqətini qəbul edən əcnəbilərə dəstək verək. Onlar da yeri gəldikdə həqiqətlərimizi dilə gətirsinlər, mətbuatda çıxış etsinlər, tədbirlərdə fikirlərini səsləndirsinlər.