"İslahatlar bizim şüurlu seçimimizdir". Bunu Prezident İlham Əliyev noyabrın 26-da Konqres Mərkəzində Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibətilə mərasimdə iştirakı zamanı çıxış edərkən deyib.
Dövlət başçısı bildirib: "İslahatlar bizim şüurlu seçimimizdir. Elə fərz edə bilərik ki, nəyə lazımdır bu islahatlar? Onsuz da hər şey yolunda gedir, ölkə inkişaf edir, yeni müəssisələr açılır, abadlıq işləri görülür. Yox, struktur islahatları, siyasi islahatlar, iqtisadi islahatlar lazımdır. Baxın, iqtisadi islahatlar nəticəsində təkcə bu ilin on ayında büdcəyə 850 milyon manatdan çox vəsait toplamışıq. Bunları sosial sahəyə yönəldirik. Amma bu, hələ islahatların növbəti mərhələsinin birinci addımlarıdır. Bundan sonra da daha böyük addımlar atılacaqdır. Bu, imkan verir ki, sosial sahəyə böyük diqqət yetirək. Bundan 4 milyon 200 mindən çox insan faydalanıb. Bu il minimum əməkhaqqı iki dəfə, minimum pensiya 70 faiz, müavinətlər iki dəfə, tələbələrin təqaüdləri 50 faiz, köçkünlərə verilən təqaüd 50 faiz artırılıb. Nəyin hesabına? Bu, göydən düşən deyil, bunları islahatların hesabına əldə edirik, əldə də etməliyik.
Kadr islahatları gedir, bu da zərurətdir, durğunluq yarada bilmərik, sovet dövrünün durğunluğu hələ ki, yadımızdan çıxmayıb. Ona görə kadr islahatları aparılmalıdır, ancaq təkamül yolu ilə, təbi yolla, burada da heç bir əyintilərə yol vermək olmaz. Mən bir neçə dəfə bu məslə ilə bağlı fikirlərimi deyəndən sonra bəziləri başladılar bəzi adamların yaşını hesablamağa ki, bunun 70 yaşı var getməlidir, qətiyyən belə şey ola bilməz. Sonra dedim mən imkan vermərəm ki, kampaniya aparılsın. Təcrübə, bilik və gənclərin dinamizmi, novatorluğu, yeniliyə, islahatlara meyilliyi - bu sintez Azərbaycanda var. Həm cəmiyyətdə, həm iqtidarda var. Biz ənənəvi dəyərlər üzərində dövlət qururuq, böyük-kiçik var. Bunu biz qorumalıyıq, gənclər də məni eşitsinlər, daim böyük-kiçik məsələsinə fikir versinlər. İndi bəzi ölkələrdə buna fikir verilmir. Qadınlarla kişilər arasında artıq fərq qoyulmur. Amma biz ənənəvi cəmiyyətdə yaşayırıq və yaşamalıyıq. Qadınlara hörmət etməliyik, biz onları qorumalıyıq, onları müdafiə eləməliyik. Onlar bizi yox, biz onları. Gender bərabərliyi var, biz də bunu qəbul edirik. Amma biz ənənəvi düşüncədən kənarda yaşaya bilmərik və gənc nəsil də bunu bilsin. Yaşlılara hörmət olunmalıdır, yaşına görə. İndi bəziləri istəyirlər ki, bizim lüğətimizdən “ağsaqqal”, “ağbirçək” sözlər çıxsın, necə ki, bəzi ölkələrdə. Onlara baxanda adam dəhşətə gəlir. Sonra da bizə deyirlər ki, gəlin bizə inteqrasiya edin. Mən bir dəfə demişəm, hələ Avropada o iqtisadi böhran baş alıb gedəndə dedim ki, biz haraya inteqrasiya etməliyik, böhrana? Haraya inteqrasiya etməliyik, “Stop İslam!” deyənlərə? Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik. Ona görə Azərbaycanda yaşlı nəsil, gənc nəsil bir yerdə olmalıdır, necə ki, ali məktəblərdə. Baxın, indi Bakı Dövlət Universitetində minlərlə gənc var, müəllim var. Müəllimlər biliklərini bölüşürlər, gənclər öyrənirlər, sabah onların yerini tutacaqlar. Belə inkişaf etməliyik. Əlbəttə, kadr islahatları bundan sonra da aparılmalıdır. Ancaq bu, kampaniyaya çevrilməməlidir".