"Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri yüksəksəviyyəli münasibətlərimizin bariz ifadəsidir. Birinci xanımın Moskvaya səfər proqramı kifayət qədər zəngin idi. Səfər çərçivəsində keçirilən bütün görüşlərdə səmimilik şəraitində müzakirə edilən məsələlərin geniş spektiri iki ölkə arasında mehriban qonşuluğu, tərəfdaşlığı və dostluğu əks etdirir".
Bu sözləri Sherg.az-a deputat Sevinc Fətəliyeva deyib.
Millət vəkili Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini dəyərləndirərkən qeyd edib ki, Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətləri əhatə edən münasibətlər onilliklər ərzində sınaqdan çıxan tarixi ənənələrə söykənir:
"Ümumiyyətlə, Azərbaycanın qonşu dövlətlərlə xoş mərama əsaslanan siyasətinin müsbət təzahürlərini həmçinin Rusiya ilə münasibətdə görmək mümkündür. İki ölkənin münasibətləri getdikcə möhkəmlənir və zamanın dəyişən çağırışlarına uyğun olaraq yeni çalarlarla daha da zənginləşir.
Azərbaycanla Rusiya bir çox sahələrdə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığın yüksələn xətlə inkişafında iki ölkənin dövlət başçıları arasında formalaşan dostluq münasibətlərinin rolunu xüsusi vurğulamaq lazımdır. Ölkələrimiz arasında siyasi dialoq yüksək səviyyədədir. İki ölkənin dövlət başçıları və yüksək səviyyəli rəsmiləri mütəmadi görüşlər keçirərək əməkdaşlığın müxtəlif aspektlərini müzakirə edirlər. 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə 4, 2019-cu ildə isə 2 görüşü baş tutub. Azərbaycanla Rusiyanın dövlət başçıları arasında yüksək dinamizmi ilə fərqlənən siyasi dialoqun ruhuna uyğun olaraq iki ölkə arasında iqtisadi əlaqələr də adekvat şəkildə inkişaf edir. Mehriban xanım Əliyeva iqtisadi əməkdaşlığı Azərbaycanla Rusiya arasında ikitərəfli gündəliyin ən mühüm komponentlərindən biri kimi səciyyələndirib. Bütövlükdə, Mehriban xanımın rəsmi səfəri çərçivəsində siyasi, iqtisadi, humanitar, mədəni və digər sahələrlə bağlı geniş müzakirələr aparılıb. Bu səfər Azərbaycan-Rusiya münasibətlərinin inkişıfına böyük töhfələr verəcək”.