Bakıya etimad: Generalların paytaxtımızda görüşməsi təsadüfi deyil

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimovla NATO Hərbi Komitəsinin sədri Ser Stüart Piiç Bakıda növbəti görüş keçiriblər. Görüşdə NATO-Rusiya təmas xəttində insidentlərin qarşısının alınması, hərbi ekspertlərin dialoqunun bərpa edilməsi müzakirə olunub. 

Onlar Avropanın təhlükəsizlik sahəsindəki vəziyyəti, həmçinin, böhran regionlarında situasiya ilə bağlı fikir mübadiləsi aparıblar.

Generalların görüşünün Bakıda keçirilməsini Sherg.az-a dəyərləndirən “Səs” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib ki, tərəflər arasında görüşün ölkəmizdə keçirilməsi heç də təsadüfi deyil.


Bəhruz Quliyev: "Bütün dünya görür ki, Azərbaycan sülhün tərəfdarıdır, terrorun  əleyhinədir"


Onun sözlərinə görə, bu, ilk növbədə Bakıdakı sabitlik və təhlükəsizlilə bağlıdır:

"Belə görüşlərin ölkəmizdə keçirilməsi bizə göstərilən etimaddan xəbər verir. Son illər Azəbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib. Müxtəlif iri təşkilatların, super dövlətlərin görüş yeri kimi Azərbaycanı seçməsi, o cümlədən beynəlxalq idman yarışlarının keçirilməsinin bizə həvalə edilməsi onu deməyə əsas verir ki, ölkəmiz Qafqazda özünün əmin-amanlığı ilə seçilir.

İkinci tərəfdən, bütün dünya görür ki, Azərbaycan sülhün tərəfdarıdır, terrorun  əleyhinədir. Doğrudur, Azərbaycan terrordan əziyyət çəkir. Erməni terrorçuları tərəfindən Dağlıq Qarabağ işğala məruz qalıb və hələ də işğal davam edir. Həmçinin, Şərq ölkələrində baş verən hadisələr istər-istəməz Azərbaycanı da təhlükə qarşısında qoyur. Amma bununla belə, Azərbaycan siyasi cəhətdən sabit ölkədir. Ökəmizin təhlükəsizliyi çox ciddi formada qorunur. Hesab edirəm ki, generalların görüş yeri kimi Bakının seçilməsi də birbaşa olaraq bu amillərlə bağlıdır. Düşünürəm ki, Azərbaycan gələcəkdə də siyasi sabitliyi ilə seçiləcək, nümunə olacaq".

Kənan Novruzov