Nəticəsiz qalacaq: XİN başçılarının görüşü üçün yeni siyasi şərait yaranmayıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşünün yeri və tarixi məlum olub. Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın Xarici işlər naziri Zöhrab Mnatsakanyan dekabrın 4-də Slovakiyanın paytaxtı Bratislava şəhərində görüşəcəklər. Görüş ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutacaq. Bəllidir ki, bu tipli görüşlərdən gözləntilər çox az olur. İndiyədək baş tutmuş görüşlərdən əsaslı nəticə hasil olmayıb. 

Bəzi ekspertlərin fikrincə, nəticəsiz də olsa tərəflərin zaman-zaman bir araya gəlməsi cəbhə xəttindəki gərginliyi azaltmaq və digər humanitar məsələlərin müzakirəsi üçün zəruridir. Lakin buna rəğmən, əksəriyyət mənasız təmasların əleyhinədir. Onlara görə, həmsədrlər illik hesabatı doldurmaq naminə əhəmiyyətsiz görüşün baş tutmasına çalışırlar. Yəni görüşdən nəticənin çıxıb-çıxmayacağı vasitəçilər üçün maraqlı deyil. 



Politoloq: “Nazirlərin bu tipli görüşləri sadəcə danışıqların ruhunu saxlamaq üçün təşkil edilir” 


XİN rəhbərlərinin görüşünü “Şərq”ə analiz edən politoloq Azər Qasımov hesab edir ki, bu görüşün keçirilməsi üçün yeni siyasi şərait yaranmayıb. Analitikin sözlərinə görə, seçki prosesləri ilə əlaqədar olaraq proseslərdə yaza qədər heç bir aktivlik gözlənilmir: 

“Nazirlərin bu tipli görüşləri sadəcə danışıqların ruhunu saxlamaq üçün təşkil edilir. Əslində, XİN rəhbərlərinin görüşündən çoxdandır gözlənti yoxdur. Ümumiyyətlə, Ermənistan tərəfindən sülh danışıqlarının ruhuna uyğun heç bir siyasi proses yoxdur. Paşinyanın sülhə xidmət etməyən çıxışlarından tutmuş, beynəlxalq güclərin problemin həlli ilə əlaqəli bizi qane etməyən bəyanatlarına kimi bütün hallar danışıqlara manedir. Paşinyan prosesə “Qarabağ xalqı” termini əlavə edir, Rusiya XİN başçısı Sergey Lavrov da bunu dəstəkləyir. Ermənistan tərəfi qanunsuz şəkildə torpaqlarımızı zəbt etməklə beynəlxalq qanunlara əsasən danışıq aparmaq hüququnu itirib. Ermənilər beynəlxalq qanunlarla torpağımıza sahib olmayıb ki, biz düşmən tərəflə beynəlxalq qanunlara uyğun danışıq aparaq?!”. 

Ekspertin fikrincə, erməni tərəfinin beynəlxalq qanunları pozduğunu dünyaya bəyan edərək, təcavüzkar ölkə ilə danışığın heç bir hüquqi əsasının olmadığını bildirməliyik: 

“Nə qədər ağrı-acılı olsa da, yeganə çıxış yolu torpaqlarımızı müharibə yolu ilə azad etməkdir. İllərdir ki, biz qanuni yollar axtarırırq, dünya da bizim sülhsevərliyimizdən istifadə edərək susur. Əslində məsələ sadədir, ermənilər ərazilərimizi qanunsuz zəbt etdikləri üçün beynəlxalq qanunlara əsasən aqressordur. Təcavüzkar isə ancaq güc yolu ilə geri oturdulmalıdır. Danışıqlar məhz bu istiqamətdə aparılmalıdır”.