İki gün İrəvanda, iki gün Bakıda: Lavrovun səfərinin məqsədi... - ŞƏRH

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana iki günlük səfərinin bir neçə məqsədi var idi”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. 

Politoloq bildirib ki, Lavrov bir müddət əvvəl İrəvana səfər etmişdi, münaqişə ölkələrindən birinə səfər edib, o birisinə səfər etməmək Lavrovun açıq-aşkar tərəflərdən birinə üstünlük verməsi mənasına gələrdi: 

“Ona görə də Rusiyanın Xarici işlər naziri münaqişə tərəflərindən hər birinə sözdə də olsa eyni məsafədə olduğunu göstərməliydi. Lavrov İrəvanda iki gün qaldığına görə, Bakıya da gəlib iki gün qaldı. Lavrovun Bakıya gəlişinin bir başqa məqsədi iki ölkənin Xarici İşlər Nazirliklərinin 2020-ci il üçün fəaliyyəti proqramını təsdiq etmək idi. Lavrov eynisini Ermənistanda təsdiq etmişdi. Ancaq bizi daha çox maraqlandıran Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı Bakıda nə deyəcəyi idi? Lavrov səfərinin ilk günü dövlət başçısı İlham Əliyevlə görüşdü. Bu görüşdə Prezident İlham Əliyev Lavrova Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə dediyi təxribatçı “Qarabağ Ermənistandır” açıqlamasını xatırlatdı. Dövlət başçısı onu da xatırlatdı ki, Paşinyanın bu təxribatçı açıqlamasını Lavrov da tənqid etmişdi. Doğrudur, Lavrov tənqidində Paşinyanın adını çəkməmişdi. Ancaq xatırlatmışdı ki, düşünülməmiş açıqlamalar danışıqlar prosesinə zərər vura bilər. Lavrov yenə Paşinyanın adını çəkmədən bildirdi ki, düşünülməmiş açıqlamalardan çəkinmək lazımdır. Həmişə olduğu kimi Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması barədə heç nə demədi. Ümumiyyətlə, Lavrov bu haqda heç vaxt heç nə deməyib. Çünki, Lavrov bunu desə, ermənilərin də xeyrinə nəsə deməli olacaq. Ona görə də düşünür ki, nə tərəflərin xeyrinə, nə zərərinə nəsə desin”. 



Elxan Şahinoğlu: "Rusiya XİN başçısı həmin imkanların nədən ibarət olduğunu söyləmədi"


Analitik vurğulayıb ki, Lavrov İrəvandakı mətbuat konfransında açıq demişdi ki, münaqişəni Dağlıq Qarabağın maraqları nəzərə alınmadan həll etmək mümkün olmayacaq. Ancaq Bakıda bunu demədi: 

“Əskinə Lavrov İrəvandakı açıqlamasını Bakıda azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında korrektə edərək belə dedi: “İstənilən qərarı bu torpaqlarda yaşayan həm Ermənistan, həm Azərbaycan, həm də Dağlıq Qarabağın bütün əhalisi verməlidir”. Lavrov “bütün əhali” dedikdə Dağlıq Qarabağda yaşayan azərbaycanlıları da nəzərdə tutub. Sadəcə, yenə də açıq deməkdən çəkinib ki, münaqişənin həllində Dağlıq Qarabağa qayıdacaq azərbaycanlıların da rəyi nəzərə alınmalıdır. Bütün hallarda Lavrov İrəvanda dediyini Bakıda təkrarlamadı. Lavrov münaqişənin həlli prosesində jurnalistlərin qarşılıqlı səfərlərinə önəm verdiyini bir daha xatırlatdı. Əslində bu ideya elə Lavrova məxsusdur. XİN rəhbəri bu ilin aprel ayında xarici işlər nazirlərinin birgə görüşündə vətəndaş cəmiyyətləri arasında təmaslara başlamağı zəruri hesab etmişdi. Jurnalistlərin qarşılıqlı səfərləri və icmalararası təmaslar elə mövzular deyil ki, Bakı və İrəvan bunun əleyhinə çıxsınlar. Əksinə, Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icmasının təmsilçiləri ilə görüşlərə başlaması Azərbaycanın xeyrinədir. Bununla Ermənistana və beynəlxalq aləmə göstəririk ki, Dağlıq Qarabağda ermənilərlə yanaşı azərbaycanlar da yaşamalı və onların hüquqları təmin edilməlidir. Məsələ burasındadır ki, dialoqun əleyhinə olmasaq da, bu münaqşənin ədalətli həllini sürətləndirəcək əsas alət deyil”. 

"Dəyişən heç nə yoxdur"


E.Şahinoğlunun fikrincə, Lavrovun münaşiqə ilə bağlı səsləndirdiyi son cümlə də maraqlıdır: 

“Lavrov dedi ki, “Biz başa düşürük ki, çətin olsa da, kompromis üçün imkanlar var”. Rusiya XİN başçısı həmin imkanların nədən ibarət olduğunu söyləmədi. Əslində bu fikirdə yeni heç nə yoxdur. Lavrov bu illərdə Bakıda və İrəvanda bu cümləni başqa formada dəfələrlə səsləndirib. Dəyişən heç nə yoxdur. S.Lavrov Bakıdakı görüşlərində başqa mövzulara da toxundu. O Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvaya uğurlu səfərindən tutmuş Rusiya universitetlərində artan azərbaycanlı tələbə sayına qədər mövzulardan danışdı. Lavrov onun sahəsinə az aidiyyatı olan iki ölkə arasında hərbi texniki əməkdaşlıqdan da söz açdı. Rusiyalı nazir qeyd etdi ki, hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalar var: “Hərbi texniki əməkdaşlıq sahəsində maraqlı ideyalarımız var və gələcəkdə bu ideyaları həyata keçirəcəyik”. Bu ideyaların nədən ibarət olacağını yaxın günlərdə biləcəyik. Yəqin Azərbaycan Müdafiə Nazirliyi Rusiyadan yeni hərbi texnika almağa hazırlaşır”.