Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
-Bu gün mən sizi icra başçısı vəzifəsinə təyin edirəm. Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edirəm. Bu, böyük etimaddır. Siz bu etimadı öz işinizlə doğrultmalısınız.
Ölkəmizdə köklü islahatlar aparılır. Bu islahatlar demək olar ki, bütün sahələri əhatə edir. İqtisadi sahədə, maliyyə sektorundakı islahatlar, şəffaflıqla bağlı olan tədbirlər artıq öz gözəl nəticələrini verməkdədir. Mənə verilən məlumata görə, bu ilin 11 ayında təkcə vergi və gömrük orqanları büdcəyə plandan əlavə 934 milyon manat vəsait daxil etmişlər. Bunun da başlıca səbəbi kadr islahatıdır. Çünki həm vergi, həm gömrük orqanlarında köklü kadr dəyişiklikləri həyata keçirildi, yeni rəhbərlər təyin edildi. Beləliklə, nəticə də göz qabağındadır.
Ona görə, struktur islahatları ilə bərabər, kadr islahatları da aparılır. Struktur islahatlarına gəldikdə, cəmiyyət bu islahatları yüksək qiymətləndirir. Prezident Administrasiyasının, Nazirlər Kabinetinin yeni strukturları təsdiq edildi, Milli Məclis yenidən formalaşacaq. Bütün bunların bir məqsədi var: ölkəmizin uğurlu inkişafını təmin etmək, ölkədə mövcud olan gözəl ab-havanı qoruyub saxlamaq, gənc peşəkar kadrlara imkan vermək ki, onlar özlərini göstərsinlər. Ümumi idarəetmə işlərində vəziyyət müasir standartlara cavab verməlidir.
Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir. Bütün mötəbər beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə baş vermiş hadisələr, keçirilmiş mötəbər tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq nüfuzu nə qədər yüksəkdir və nə qədər beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrliyi öz üzərinə götürmüşdür. Qoşulmama Hərəkatının Zirvə Görüşü yüksək səviyyədə keçirildi və 120 ölkənin dəstəyi ilə biz bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə Görüşü Azərbaycanda keçirilib və 70 ölkədən gəlmiş nümayəndələrin hər biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada aparıcı rol oynayır.
Bizim apardığımız kadr və struktur islahatları, eyni zamanda, ölkəmizin beynəlxalq imicini daha da yüksəklərə qaldırır və vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Keçirilmiş son rəy sorğusunun nəticələrinə görə, xalqımızın mütləq əksəriyyəti bizim siyasətimizi dəstəkləyir və bəyənir.
Kadr islahatları davam etdiriləcək. Son vaxtlar aparılan islahatlar artıq öz nəticəsini verməkdədir. Cəmiyyətdə bu islahatlarla bağlı çox müsbət rəy formalaşıb və gözləntilər də vardır. Ona görə təyin edilmiş bütün yeni kadrlar qarşısında konkret vəzifələr qoyulur və bu kadrlar o vəzifələri icra etməlidirlər. Dövlət məmurları vəzifəyə gəlir mənbəyi kimi baxmamalıdırlar. Dövlət məmurları xalqa xidmət etməlidirlər. Onların başlıca missiyası bundan ibarətdir və siz də belə işləməlisiniz.
Rüstəm Xəlilov uzun illər Milli Məclisin deputatı kimi fəaliyyət göstərir. Əvvəlki dövrlərdə də böyük təcrübə toplamışdır. Əminəm ki, Hacıqabul rayonunda bu təcrübəni tətbiq edəcək və rayonun inkişafına töhfə verəcəkdir. Vüqar Novruzov gənc kadrdır və bir müddət Prezident Administrasiyasında işləyib, indi isə Xəzər rayonunda icra hakimiyyətinin müavini kimi işləyir. Yəni, bugünkü təyinat da mənim dediyim sözlərin təsdiqidir: təcrübə və gənclərin novatorluğu. Bax, bu sintez həm cəmiyyətdə mövcud olmalıdır, möhkəmlənməlidir, həm də iqtidar komandasında və bütün idarəetmə strukturlarında. Təcrübəli kadrların bilikləri, hazırlığı, eyni zamanda, gənclərin novatorluğu, dinamizmi, yeniliklərə meyilliliyi - bu prinsiplərin vəhdəti uğurlu inkişafımızı bundan sonra da şərtləndirəcəkdir.
Sizin əsas vəzifəniz ondan ibarət olmalıdır ki, rəhbərlik edəcəyiniz şəhər və rayonda iqtisadi inkişaf təmin edilsin, işsizliklə bağlı problemlər öz həllini tapsın. Siz vətəndaşlarla daim təmasda olmalısınız. Mövcud bütün olan problemləri, ilk növbədə, çox dərindən təhlil etməlisiniz və problemlərin həlli üçün iş planı tutulmalıdır. Təbii ki, problemlərin bir hissəsinin həlli mərkəzi icra orqanlarının səlahiyyətindədir. Belə olan halda, mərkəzi icra orqanları qarşısında məsələ qaldırmalısınız, eyni zamanda, Prezident Administrasiyasına məlumat verməlisiniz. O məsələlər ki, sizin fəaliyyətinizdən asılıdır, onları özünüz həll etməlisiniz və daim vətəndaşlardan onları narahat edən məsələləri eşitməlisiniz. Ona görə vətəndaşlarla sizin ünsiyyətiniz formal xarakter yox, işgüzar xarakter daşımalıdır və bu, sizin iş qrafikinizdə prioritet məsələ olmalıdır.
İşsizliklə bağlı problemlər bütövlükdə Azərbaycanda öz həllini tapır və beynəlxalq qurumlar da bu sahədəki uğurlarımızı qeyd edir. Ancaq mən bunu dəfələrlə demişəm, bəzi qonşu ölkələrdən fərqli olaraq bizim əhalimiz artır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, əhali artır və sovet dövründən sonra - müstəqillik illərində təqribən 30 faizə yaxın artıbdır, 7 milyondan 10 milyona çatıbdır. Bütün bunlar, əlbəttə, tələb edir ki, yeni iş yerləri yaradılsın. İş yerlərinin yaradılması üçün investisiya layihələri icra edilməlidir. Ona görə icra başçıları da həm yerli, həm də xarici biznes dairələri ilə sıx təmaslar qurmalıdırlar, şəhər və rayonlara investisiyaları cəlb etməlidirlər ki, yerli istehsal artsın və işsizlik daim aşağı səviyyədə olsun.
Hacıqabul rayonunun potensialının inkişafı üçün mənim göstərişimlə Hacıqabul sənaye zonası yaradılır. Bu zonanın böyük potensialı olacaqdır və orada xüsusi güzəştlər rejimi tətbiq ediləcəkdir. Bilirəm ki, bu, sahibkarlar tərəfindən də yüksək qiymətləndirilir. Belə təcrübə artıq var, həm Sumqayıtda, həm Neftçalada, Masallıda, digər şəhər və rayonlarımızda. Mingəçevirdə sənaye zonaları yaradılıbdır və yaradılır. Ona görə sənaye zonasının fəaliyyətinə böyük diqqət verilməlidir. Digər layihələr, o cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı olan layihələr icra edilməlidir. Kənd təsərrüfatında məhsuldarlığın artımı gündəlikdə duran əsas məsələlərdən biridir. Hesab edirəm ki, bu il biz rekord göstəriciyə nail olmuşuq. Taxılçılıqda orta məhsuldarlıq hər hektardan 32 sentner olubdur. Bu, son illər ərzində ən yüksək nəticədir və daha da artacaq. Pambıqçılıqda hələ ki, yığım başa çatmayıb, az qalıb, amma artıq hektardan 29 sentner pambıq götürmüşük. Pambıqçılar yaxşı bilirlər ki, Azərbaycan tarixində cəmi üç, ya dörd il məhsuldarlıq 30 sentnerə yaxın, yaxud da ondan çox olmuşdur. Onlardan biri də 2019-cu ildir. Ona görə kənd təsərrüfatı, xüsusilə indi, - əlbəttə, bu, Hacıqabul rayonuna aiddir, - inkişaf etməlidir.
Naftalan şəhərini müasir kurort mərkəzinə çevirmək cəhdlərimiz, hesab edirəm ki, çox uğurludur. Mən Prezident kimi ilk dəfə Naftalana gələndə ürəyim ağrıdı, çünki gördüm, demək olar ki, şəhər dağılmış vəziyyətdədir. İnfrastruktur yox, işıq yox, qaz yox, su yox, yollar bərbad. Sovet vaxtında tikilmiş sanatoriyalar dağılmış və şəhərdə minlərlə köçkün məskunlaşmışdı, onların da vəziyyəti çox ağır idi. Ona görə göstəriş verdim və tapşırdım ki, vəsait ayrılsın. İlk növbədə, biz köçkünləri köçürdük və onlar üçün gözəl evlər tikdirdik. Ondan sonra investorları cəlb etdik və onlar investisiya qoymağa başladılar. Bununla paralel olaraq, Naftalan şəhərindəki bütün hündürmərtəbəli binalar əsaslı şəkildə təmir olundu, yeni parklar salındı, mərkəzi şəhər xəstəxanası, beşulduzlu üç otel – “Çinar”, “Qarabağ” və “Qaşaltı” açıldı. Bütün açılışlarda mən şəxsən iştirak etmişəm. Hazırda dördulduzlu və üçulduzlu otellərin tikintisi davam etdirilir. Sovet vaxtında Naftalana hər il müalicə üçün 70 min adam gəlmişdi. Biz indi bu hədəfə doğru gedirik. Artıq təqribən 30-40 min insan gəlir dincəlməyə və müalicə almağa. Naftalanı beynəlxalq turizm mərkəzi kimi inkişaf etdirmək bizim başlıca vəzifəmizdir. Şəhər İcra Hakimiyyəti bu işlərə böyük diqqət verməlidir. Naftalanda yaşayan vətəndaşların mütləq əksəriyyəti xidmət sektorunda fəaliyyət göstərir.
Bir sözlə, sizə göstərilən bu etimad doğrudan da sizin üçün böyük avansdır. Çünki indiki şəraitdə kadrlara qarşı tələbkarlıq artır. Kadrlar qarşısında çox ciddi vəzifələr qoyulur, xüsusilə pozuntularla bağlı, rüşvətxorluq, korrupsiya sıfır dərəcəsində olmalıdır. İnvestorları incitməməlisiniz, əksinə, onlara kömək göstərməlisiniz, onları cəlb etməlisiniz ki, vətəndaşlar sizin işinizdən razı qalsınlar. Əgər vətəndaşlar razı olsalar, - atalar sözü var, “Xalqın gözü tərəzidir”, - mən də razı olacağam və sizin fəaliyyətinizə yüksək qiymət verəcəyəm. Yox əgər mənim etimadımı doğrultmasanız, onda sizi çox ciddi cəza gözləyir. Əminəm ki, siz bu məsuliyyəti dərk edirsiniz və müasir dövrün tələblərinə cavab verərək rəhbərlik edəcəyiniz Naftalan şəhərinin, Hacıqabul rayonunun inkişafına öz töhfənizi verəcəksiniz.
16:29
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rüstəm Xəlilovu Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı, Vüqar Novruzovu Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul edib.
Bununla bağlı AZƏRTAC məlumat yayıb.