Milli Məclisin buraxılması günün tələbi idi: Yeni parlament islahatlara təkan verməlidir

Noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. 

Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” Qərar qəbul edib. 

Dekabrın 2-də Azərbaycan Respublikasının Prezidenti Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.



Qabil Hüseynli: "Bir neçə aydır ki, Prezident ortaya siyasi iradə qoyaraq ölkədə ciddi kadr və sturuktur islahatları aparır"


Parlamentin buraxılmasını Sherg.az-a dəyərləndirən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, verilən qərar ölkədə aparılan islahatların davamı kimi qiymətləndirilməlidir.

Analitik bildirib ki, parlamentin buraxılması barədə söz-söhbətlər artıq 6 aydır ki, gedirdi:

“Müxtəlif siyasilər və politoloqlar tərəfindən bu hadisənin baş verəcəyi proqnozlaşdırılırdı. Çünki bir neçə aydır ki, Prezident ortaya siyasi iradə qoyaraq ölkədə ciddi kadr və sturuktur islahatları aparır. Prezident idaəetməni daha peşəkar, dinamik və çevik bir hala gətirməyə çalışır. Artıq Prezident Admistrasiyasının özündə də ciddi sturuktur və kadr islahatları həyata keçirilib. Bütün dünyada hakimiyyətin 3 qolu var: Qanunverici, icraedici və məhkəmə hakimiyyəti. Ölkəmizdə icraedici hakimiyyətdə demək olar ki, islahatlar başa çatıb. Növbə hakimiyyətin qanunverici qoluna, yəni parlamentə gəlib çatıb. Qanunverici orqan bütün dünya ölkələrində həlledici əhəmiyyətə malik olan sturukturdur. Qanunları qəbul edir, bəzi kadr dəyişikliklərini və dövlətin büdcəsini təsdiqləyir. Bir sözlə, qanunverici orqan çox əhəmiyyətli işlər görür”. 

Politoloq qeyd edib ki, son dövrlər parlamentin bir çox üzvü etdiyi hərəkətlərə görə işdən çıxarılıb, bəziləri vəfat edib:

“Həmçinin parlamentdə yaşı 80-i keçmiş bir neçə nəfər deputat var idi. Ümumiyyətlə, pensiya yaşına çatmış adamlar parlamentin ən azı 30-40 faizini təşkil edirdi. Demək olar ki, parlament "yaşlılar məclisi"nə çevrilmişdi. Bunu nəzərdə tutaraq bir çoxları ehtimal irəli sürürdü ki, idarəetmədə kəskin siyasi islahatlar aparan Prezident yəqin ki, yeni parlamentin seçilməsinə təkan verəcək. Düzdür, bu məsələ birbaşa Prezidentin təşəbbüsü ilə olmadı. Bu təşəbbüsü parlamentdə çoxluq təşkil edən YAP-ın Siyasi Şurası irəli sürdü.  Parlamentdə dövlət büdcəsi təsdiq edildikdən sonra qərar alındı ki, artıq yetərsay olmadığna görə parlamenti buraxmaq lazımdır. Beləliklə bunun üçün Prezidentə müraciət edildi. Ölkə başçısı isə bu məsələnin nə dərəcədə Konstitutsiyaya uyğun olub-olmamasını ekspertizadan keçirmək üçün Konstitutsiya Məhkəməsinə sorğu göndərdi. Ölkəmizdə bütün qanunların necə icra ediləcəyinə nəzarət edən orqan Konstitutsiya Məhkəməsidir. Konstitutsiya Məhkəməsi də artıq bir neçə gündür ki, çıxarılan qərarın  ekspertizasını həyata keçirdi və bu gün qərar qəbul etdi ki, Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur. İndi qalıb Prezidentin parlamentin buraxılması haqqında sərəncamı və yeni seçki gününü təyin etməsi. Dövlətimiz üçün xeyirli, uğurlu olsun".