Xəbər verdiyimiz kimi, noyabrın 28-də parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb. Konstitusiyanın 95-ci maddəsinin III hissəsinə görə, Milli Məclisin bu cür məsələləri müzakirə edib qərar qəbul etmək səlahiyyəti var. Dekabrın 2-də Milli Məclis müraciəti müzakirəyə çıxarıb və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Prezidentə müraciət edilməsi barədə qərar qəbul edib.
Həmin gün Prezident Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı Konstitusiya Məhkəməsinə sorğu göndərib. Konstitusiya Məhkəməsi dünən Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barəsində Prezidentin sorğusuna baxıb. Məhkəmə parlamentin qərarının Konstitusiyaya uyğun olması barədə qərar qəbul edib. Həmçinin, qərarda bildirilib ki, Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşana və fəaliyyətə başlayana qədər saxlanması zəruridir.
Asim Mollazadə: "Ümidvarıq ki, hər bir dəyişiklik xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək"
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə bildirib ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü Azərbaycan parlamentinin ölkədə gedən islahatlara uyğunlaşması, ölkə parlamentinə inamın artırılması üçün çox önəmlidir. Deputatın sözlərinə görə, parlamentdə həm nəsil dəyişikliyi olmalıdır, həm də qanunverici hakimiyyətə yeni təfəkkürə malik siyasətçilər cəlb edilməlidir:
“İndiyə qədər parlament qanunvericilik fəaliyyətində kifayət qədər uğurlar qazanıb. Azərbaycanın təhsil sisteminin islahatları üçün hüquqi bazanın qəbul olunmasını xüsusilə qeyd etmək istəyirəm. Azərbaycan parlamenti digər sahələrdə də bu qəbildən olan çox mühüm qanunları qəbul edib. Lakin inkişaf yeni güc, yeni təfəkkür tələb edir. Partiyamız bu qərarı, islahatları dəstəkləyir, onların daha da dərin olmasını arzulayır. İslahatları dəstəkləməklə yanaşı, Azərbaycanın müasir, demokratik bir dövlət kimi güclənməsinin tərəfdarıdır. Ümidvarıq ki, hər bir dəyişiklik xalqımızın potensialını reallaşdırmaq üçün Azərbaycan dövlətinin gücünü artırmağa xidmət edəcək”.