Paşinyanın “demokrat” maskası yırtılır: Din xadimləri də baş nazirdən narazıdır

“Ermənistanda daxili siyasi vəziyyət mürəkkəb olaraq qalır”. Bunu “Şərq”ə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Analitik bildirib ki, Baş nazir Nikol Paşinyana qarşı Eçmiədzin din xadimlərinin tənqidləri getdikcə artır: “İnqilabdan sonrakı dövrdə ölkədə siyasi-iqtisadi inkişaf yoxdur. Sosial vəziyyət hər keçən gün daha da ağırlaşır. Ermənilərin qazanc dalınca ölkəni tərk etməsi intensivləşib. 

Paşinyanın verdiyi vədlərin reallaşmaması ona qarşı etirazların yeni mərhələsi başlaya bilər. Əsasən, bu etirazların Eçmiədzindən idarə olunması mümkündür. Son dönəmlər Paşinyanla Ermənistanın dini lideri Qaregin və Qarabağdakı ermənilərin patriarxının münasibətləri olduqca kəskinləşib. Paşinyan kilsənin siyasətə təsirini zəiflətməyə çalışır. Bu da kilsə ilə hakimiyyət arasında böhranın dərinləşməsinə səbəb olur. Həmçinin, kilsə “Qarabağ klanı” ilə daha çox yaxındır. Sarkisyan rejimi erməni kilsəsi vasitəsi ilə öz hakimiyyətini möhkəmlətməklə, keşişlərin dövlətin siyasi strukturlarına təsir etmək imkanı verib”. 

“Kilsə ilə “Qarabağ klanı” birləşsə,  Rusiya onlara dəstək verə bilər”


Siyasi şərhçi xatırladıb ki, gələn ilin aprelində işğal olunmuş ərazilərdə qondarma quruma “seçki”lər keçiriləcək: 

“Buradakı kilsə “Qarabağ klanı”nı dəstəkləyir. Proseslər Nikol Paşinyanın əleyhinə gedərsə, kilsə və “Qarabağ klanı”nın birləşməsi fonunda Rusiyanın bunlara dəstəyi reallaşa bilər. Paşinyan Qarabağdakı separatçı qurumun “rəhbərliyinə” öz adamını gətirməyə çalışsa da, Şuşadakı kilsə ilə “Qarabağ klanı” hərəkətə keçəcək. Rusiya da bunlara dəstək verəcək. Çünki Rusiyada “Qarabağ klanı”nın tam tərkibdə siyasi proseslərdən uzaqlaşmasını qəbul etmir. Göründüyü kimi Ermənistanda növbəti aylarda siyasi proseslərdə ciddi qarşıdurma olacaq. Bundan əlavə, erməni baş nazir növbəti dəfə işğal olunmuş ərazilərə gələrək, qoşunların təmas xəttində müşahidə aparıb. Deməli, Paşinyan beynəlxalq təşkilatlarda münaqişədə Ermənistan tərəfinin iştirakını inkar edir. Səfər onun dediklərinin əksidir və birbaşa işğalçı tərəf olduğunun sübutudur. Paşinyanın cəbhə xəttinə yaxınlaşmasına imkan verilməməlidir ki, arqumentləri puç olsun. Beynəlxalq təşkilatlar da görsünlər ki, birbaşa “demokratik”  maskalı Paşinyan işğalın başında durub”.

Analitikin sözlərinə görə, gələn ilin aprelinə kimi Ermənistan və Azərbaycan arasında qarşıdurma riski gözlənilmir: 

“Cəbhə xəttində nisbi sakitlikdir. Azərbaycanda keçiriləcək bələdiyyə və növbədənkənar parlament seçkiləri, həmçinin rəsmi İrəvanın Qarabağdakı qondarma “seçki”yə hazırlaşması danışıqlarda aktivliyi aşağı salmamalıdır. Gələn il apreldən sonra danışıqlarda yeni mərhələ olacağı istisna deyil”.