Görüşün nəticəsiz olacağı məlum idi - AKTUAL

Slovakiyanın paytaxtı Bratislava şəhərində Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. XİN rəhbərlərinin təması ATƏT-in nazirlər görüşü çərçivəsində və Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutub. Tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə ediblər. 

Nazirlərin növbəti görüşünü “Şərq”ə şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev deyib ki, Azərbaycan və Ermənistan təmsilçilərinin görüşünün nəticəsiz başa çatacağı əvvəlcədən məlum idi. Analitikin sözlərinə görə, artıq münaqişənin nizamlanması istiqamətində aparılan danışıqlar tamamilə şablon hal alıb: 


“Beynəlxalq təşkilatlara bu gedişatın tərəfləri müharibəyə sürüklədiyini izah etmək lazımdır”


“Daha ciddi, sərt və konkret addımlar atılmalıdır. Beynəlxalq təşkilatlar qarşısında tələb qoyub, bu gedişatın tərəfləri müharibəyə sürüklədiyini izah etmək lazımdır. Düşmən tərəfə isə ciddi zərbələr vurulmalıdır. Ümumiyyətlə, erməni əsgəri Dağlıq Qarabağda olduğu müddətdə təhlükədə olduğunu daim hiss etməlidir. Reallıq odur ki, Minsk Qrupunun həmsədrlərinin təşkil etdiyi görüşlər sadəcə öz varlıqlarını xatırlatmaq üçündür. Bundan əlavə fəaliyyətlərinin heç bir əhəmiyyəti yoxdur”.