Radikal müxalifət cığallıq edir: Parlament seçkisini boykot etmək siyasi şantajdır

“Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq”. Bunu “Şərq”ə açıqlamasında Demokratik Azərbaycan Dünyası Partiyasının rəhbəri Əlisahib Hüseynov deyib. Radikal müxalifətin növbədənkənar parlament seçkisini boykot qərarına münasibət bildirən partiya sədri bildirib ki, növbədənkənar parlament seçkilərinə start verilməsi müxalifət düşərgəsində hərəkətlənməyə, canlanmaya səbəb olub: 

“Görünən odur ki, müxalifət düşərgəsində təmsil olunan partiyaların bir çoxu bu seçkilərdə iştirak etməyə meyillidir. Bu isə öz-özlüyündə çox təqdir olunası, bəyəniləsi haldır. Seçkiləri məntiqsiz boykot etmək isə siyasi müdriklik nümunəsi sayıla bilməz. Ancaq seçkilərə qatılmaq istəyən müxaliflər də hakimiyyət və dövlətlə ultimatum dili ilə danışmamalı, ön şərtlər irəli sürməməlidir. Özünü “Milli Şura” adlandıran siyasi qurumun başbilənlərinin indidən “boykot” təhdidini dövriyyəyə buraxmaları hiyləgər siyasi şantaj taktikasından başqa bir şey deyil”.



Partiya sədri: “Anlamırlar ki, boykot taktikasına əl atan istənilən qüvvə iflasa məhkumdur”


Ə.Hüseynovun sözlərinə görə, seçkilərə qədər “iqtidarla müxalifət arasında dialoqun təşkili” məsələsi də şərt kimi irəli sürülə bilməz: 

“İqtidar hər zaman dialoqa açıq olub və indiyə qədər bir neçə dəfə iqtidar-müxalifət dialoqları baş tutub. Zərurət yaranacağı təqdirdə heç şübhəsiz ki, dialoq məsələsi yenə də gündəmə gələ, gerçəkləşə bilər. Ancaq radikal müxalifətlə dialoq qurmaq, “dəyirmi masa” formatında bir araya gəlmək tamamilə səmərəsiz işdir. Bu cür tələblər onlara həm “suyu bulandırmaq” üçün, həm də ki, öz siyasi varlıqlarını legitimləşdirmək üçün lazımdır”.