Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından söz açıb. E.Məmmədyarov ötən gün Bratislavada ermənistanlı həmkarı Zöhrab Mnatsakanyanla keçirdiyi görüşdən danışıb.
Nazir görüşün üç saat davam etdiyini və müzakirələrin çətin keçdiyini bildirib.
“ATƏT Minsk Qrupu ilə müzakirə etdiyimiz məsələ münaqişənin mərhələli şəkildə həlli ilə bağlı yanaşmadan ibarətdir. Əlbəttə ki, birinci addım münaqişənin başlıca fəsadlarının aradan qaldırılmasıdır”, - deyə E.Məmmədyarov əlavə edib.
O deyib ki, bunun üçün BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində vurğulandığı kimi, Ermənistan silahlı bölmələri Qarabağ regionundan və Azərbaycanın digər işğal olunmuş ərazilərindən dərhal, tam şəkildə və qeyd-şərtsiz çıxarılmalıdır.
Xatırladaq ki, dekabrın 4-də Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə görüş keçirilib.
Tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıb.
Eyni zamanda, nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi ilə bağlı razılığa gəliblər.
14:28
Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclası başlayıb.
İclasda Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov da iştirak edir.
Görüş “Xalqlar, dialoq və sabitlik naminə” şüarı altında keçirilir.