Moskva-Bakı münasibətlərində canlanma: Bu hər iki tərəfə lazımdır

“Son günlər Rusiya-Azərbaycan münasibətlərində canlanma müşahidə edilir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Zeynal Əmralıyev deyib. 

Ekspert bildirib ki, Azərbaycan Avropanın enerji sektorunda aparıcı yerə sahib olduğu bu günlərdə Rusiya ilə də münasibətlərin pozulmasına yol vermədi: 

“Əksinə, bu əlaqələri qorudu, hətta daha da inkişaf etdirdi. Dünya böyüyür, inkişaf edir. Biz də bu dünya ilə ayaqlaşmalı, əlimizdəki imkanlardan istifadə edib hərtərəfli siyasət aparmalıyıq. Milli maraqlarımız nəyi tələb edirsə, onu da etməliyik. Dövlət başçısının “Milli maraqlara söykənən siyasət aparmalıyıq” cümləsində də bu məqam vurğulanır. Rusiyada 2 milyondan çox soydaşımız “çörəkpulu” qazanır. Eyni zamanda Rusiya Qarabağ münaqişəsinin həllində aparıcı rola malikdir, həmsədr ölkədir”. 



Politoloq: “Xarici siyasətdə yeganə məqsədimiz dost və müttəfiq ölkələr qazanmaqdır”


Z.Əmralıyev vurğulayıb ki, Azərbaycan və Rusiya arasında geniş tarixi bağlılıq var: 

“Bu kimi amillər olduğu zaman heç bir halda Rusiya ilə əlaqələrin pozulmasına yol vermək olmaz. Şübhəsiz ki, Qərblə əlaqələrimizi də inkişaf etdirməliyik. Xarici siyasətdə yeganə məqsədimiz dost və müttəfiq ölkələr qazanmaqdır. Çünki düşmənə qalib gəlməyin başlıca yollarından biri güclü beynəlxalq əlaqələr qurmaqdır”.