"Normand dördlüyü"nün toplantısı: Moskva ilə yumşaq dialoqa başlanıldı

"Nəhayət ki, Putin və Zelenski arasında görüş baş tutdu. Fransa və Almaniya əvvəlki ritorikalarından vaz keçərək Ukrayna məsələsində Kreml ilə yumşaq dialoqa start verdilər”. Bunu Sherg.az-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov deyib. 

Analitikin sözlərinə görə, görüşün nəticələrini analiz etmək üçün əvvəlki siyasi ab-havaya nəzər yetirmək lazımdır: 

“Ukrayna daxilində Zelenskinin Rusiya prezidenti ilə görüşməsinə heç də hər kəs müsbət baxmır. Poroşenko, Timoşenko və başqa siyasilər Putin-Zelenski görüşünə mənfi yanaşırdılar. Onlar Zelenskinin Putin qarşısında zəiflik nümayiş etdirəcəyindən çəkinirdilər. Hər zaman olduğu kimi Putin bu görüşə də çox arxayın və rahat şəkildə qatılmışdı. Müzakirələrin detallarının cəmiyyətə tam açıqlanmadığını demək olar. Çünki bu halda Ukrayna millətçiləri bundan sui-istifadə edərlər”. 



Zaur Məmmədov: "Müzakirələrin detallarının cəmiyyətə tam açıqlanmadığını demək olar. Çünki bu halda Ukrayna millətçiləri bundan sui-istifadə edərlər"


Siyasi şərhçinin fikrincə, Almaniya və Fransa 2013-2018-ci illər ərzində Rusiya ilə münasibətlərdə sanksiya və təcrid siyasəti aparırdı: 

“Ukrayna cəmiyyətində Qərbə simpatiya azalıb. Qərb ölkələrinin davranışı Şərq Tərəfdaşlığı dövlətlərinin Avropaya meyillənməsinin yarımçıq qalmasına səbəb olub. Görüş zamanı Zelenski Ukrayna-Rusiya sərhəddində ukraynalı sərhədçilərin olmasının vacibliyini diqqətə çatdırıb. Qondarma separatçılarla sərhəddən qoşunları geri çəkməyəcəyini bəyan edib. Ukraynanın federasiya olmasına etirazını bildirib.



Məlumdur ki, bütün bunlar Rusiyanın tez-tez gündəmə gətirdiyi məqamlar idi. Ümumiyyətlə, Normandiya görüşü göstərdi ki, beynəlxalq hüquq yoxdur. Daha doğrusu beynəlxalq hüquq hər zaman güclünün yanındadır. Rusiya tərəfinin kompromisə gedəcəyini düşünmürəm. Faktiki olaraq Krımın və Ukraynanın şərqinin itirildiyinin şahidi olmaqdayıq”.