“Ermənistandakı daxili çəkişmələr Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərə bilər”. Bunu Sherg.az-a açıqlamasında politoloq Fuad Heydər deyib. Ekspert vurğulayıb ki, Paşinyan hökumətinin və onun komandasının Rusiyaya meyillənmədiyi göz önündədir:
“Paşinyan hər fürsətdən istifadə edərək sabiq prezident Serj Sarkisyan, ümumiyyətlə “Qarabağ klanı” əleyhinə senarilər hazırlayır. Əslində düşmən ölkədəki daxili siyasi qarşıdurmaları Qarabağ münaqişəsi üçün faydalı hesab etmək olar. Bununla həm də əvvəlki rejimlərin başında duran şəxslərin hansı cinayətlərə əl atdıqları, Qarabağda yaşayan azərbaycanlıları terrora məruz qoyduqları və s. önəmli faktlar üzə çıxar. Bu məqamlar xeyrimizədir.
İndiki reallıq ondan ibarətdir ki, Azərbaycan tərəfi hələlik münaqişənin sülh yolu ilə həllinə üstünlük verir və qan tökülməsini dəstəkləmir. Ümumiyyətlə, rəsmi Bakı hər zaman Ermənistanla normal dialoqda maraqlı olub və danışıqlar təklifindən imtina etməyib. Lakin hamı, o cümlədən düşmən ölkə və onları himayə edən güclər də çox yaxşı bilirlər ki, sülhlə çözülməyən problemin sonuncu həll yolu – müharibədir. Azərbaycan tərəfi isə hər zaman müharibəyə, düşmənə layiqli cavab verməyə hazırdır”.