Ermənistanın ərəb dünyasına "açılım"ı: Rəsmi Bakı siyasi gedişlərini artırmalıdır

“İordaniya kralının Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına xidmət etməklə yanaşı, ölkəmizin ərəb ölkələri ilə əmədaşlığında mühüm rol oynayır”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Analitikin sözlərinə görə, Ermənistan son illər ərzində ərəb ölkələri ilə əməkdaşlığı genişləndirmək siyasətini həyata keçirir. Məhz bu siyasət Azərbaycana qarşı yönəlib: 

“İordaniya kralı Ermənistana səfər edərək baş nazir Nikol Paşinyanla da görüşüb. Ermənistan baş naziri Nikol Paşinyan ərəb ölkələrinin liderləri ilə görüşündə Qarabağ münaqişəsinə toxunaraq, bunun dini münaqişə olmadığını xüsusi qeyd etməklə, ərəb ölkələrinin Ermənistana siyasi mövqelərinin dəyişməsinə çalışır. Məhz İslam Əmədaşlıq Təşkilatı çərçivəsində Azərbaycanın işağal olunmuş ərazilərində müsəlman abidələrinin Ermənistan tərəfindən tərəfindən dağıdılması daima qeyd edilir. Ərəb ölkələrinin işğalçı Ermənistana qarşı qətnaməyə səs verməsinə nail oluruq. Paşinyan çalışır ki, Azərbaycanın bu istiqamətdə cəbhəsini yarsın və ərəb ölkələrinin Ermənistana siyasətində müsbət dəyişikliyə nail olsun. Qətərlə, İordaniya və BƏƏ əməkdaşlığını genişləndirən Erməistan, Azərbaycana qarşı anti-təbliğat siyasətini həyata keçirir. Ərəb iş adamları Qarabağda tikinti sektorunda fəaliyyətə dəvət olunur. Bundan əlavə, işğal olunmuş ərazilərin turizm stendləri ərəb ölkələrində nümayiş etdirilərək turistlər cəlb edilir”. 



Politoloq: "Rəsmi Bakı ərəb ölkələri ilə iki və üçtərəfli siyasi-iqtisadi əməkdaşlıq formatı yaradılması istiqamətində işə başlamalıdr"


Siyasi şərhçinin fikrincə, Ermənistanın ərəb dünyasına "açılımı" Azərbaycanın indiyə qədər ərəb ölkələrindən aldığı dəstəyi zəiflədə bilər: 

“Rəsmi Bakı körfəz ölkələri ilə sıx əməkdaşlığı artırmalı, İordaniya, Səudiyyə Ərəbistanı, Misirlə əməkdaşlığını yeni mərhələyə gətirməlidir. Bu baxımdan ərəb ölkələri ilə münasibətləri daha da gücləndirməliyik. Qeyd edim ki, İordaniya kralı II Abdullahla Prezident İlham Əliyevin şəxsi dostluq münasibətləri var. Bu dostluq iki dövlət arasında Ermənistanın avantürasına imkan verməyəcək. Hətta rəsmi Bakı ərəb ölkələri ilə iki və üçtərəfli siyasi-iqtisadi əməkdaşlıq formatı yaradılması istiqamətində işə başlamalıdır. Xarici İşlər Nazirliyi bu istiqamətdə fəal siyasət göstərməlidir”.

Qeyd edək ki, dekabrın 10-da Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan İordaniya kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynini qəbul edib. Dövlət başçısı İordaniya kralı ilə görüşü zamanı onun Azərbaycana səfərinin ikitərəfli vacib məsələlərin müzakirəsi üçün çox yaxşı imkan yaratdığını deyib. Prezident vurğulayıb ki, İordaniya ilə Azərbaycanın ikitərəfli münasibətləri müxtəlif sahələri əhatə edir.