KİV: Həmsədrlər Paşinyanın Qarabağla bağlı mövqeyindən narahatdır

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ münaqişəsinin nizamlanması üzrə keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi fikirlər və mətbuatda yer almış sitatları ATƏT-in Minsk Qrupu həmsədrlərinin ciddi narahatlığına səbəb olub.

News.am saytının məlumatına görə, bu barədə “168 Jam” öz mənbələrinə istinadən xəbər yayıb.

“Həmsədrlər bu addımı Paşinyanın özfəaliyyətinin növbəti cəhd kimi qəbul ediblər, bu isə Minsk Qrupunun strategiyası ilə birmənalı olaraq ziddiyyət təşkil edir. Yanvarın 29-da Cenevrədə  Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiklə  görüşüb. Mənbəmizin məlumatına görə, həmsədrlərin Paşinyanın Qarabağla bağlı söylədikləri ilə əlaqədar Mnatsakanyanla olduqca sərt söhbətləri olub” - deyə nəşr məlumat yayıb.