Prezident İlham Əliyev fevralın 3-də “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edib. Ölkə başçısı çıxışı zamanı bir sıra mühüm məqamlara toxunub. Prezident qeyd edib ki, son illər ölkəmizə həyata keçirilən sosial və iqtisadi islahatlar həyata keçirilib və uğurla nəticələnib:
“Bütövlükdə keçən il ölkəmiz uğurla inkişaf edib. Dünyada gedən proseslər isə əlbəttə ki, bizi də narahat edir. Ancaq Azərbaycan uzun illər ərzində sabitlik yolu ilə gedir. Ölkəmizdə mövcud olan sabitlik Azərbaycan xalqının iradəsi ilə təmin edilir.
Hesab edirəm ki, keçən il iqtisadi sahədə yaxşı nəticələr əldə edilib. Azərbaycan indi iqtisadi inkişaf, ciddi islahatlar yolundadır. İslahatlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Çünki bu islahatlar insanların həyat səviyyəsini yaxşılaşdırır, ölkəmizin iqtisadiyyatını sürətləndirir, ölkəmizdə mövcud olan xoşagəlməz problemlərin həllində isə çox önəmli rol oynayır.
Bizim siyasətimizdə əsas məqsəd dövlətimizin möhkəmlənməsi, xalqımızın daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir. Biz bütün bu məqsədlərə çatırıq. Keçən il əldə edilmiş iqtisadi və sosial nailiyyətlər bunu bir daha təsdiqləyir. Deyə bilərəm ki, 2003-cü ildən bu günə qədər bütövlükdə Azərbaycan iqtisadiyyatı 3,4 dəfə artmışdır. Bu, dünyada rekord göstəricidir.
Bütün bu işləri biz ona görə görürük ki, insanlar daha yaxşı yaşasınlar. Hər bir böyük layihənin arxasında düşünülmüş siyasət dayanır”.
Rüfət Quliyev: “Çalışmalıyıq ki, iqtisadiyyatımızda maksimum dərəcədə şəffaflıq olsun və sahibkarlara kömək edilsin”
Prezidentin çıxışını Sherg.az-a dəyərləndirən iqtisad elmləri doktoru, professor, deputatlığa namizəd Rüfət Quliyev bildirib ki, davam edən islahatlar ölkəmiz üçün həm iqtisadi, həm də sosial baxımdan müsbət nailiyyətlərin əldə olunmasına şərait yaradır.
Professorun sözlərinə görə, ölkə başçısı olduqca düzgün, obyektiv və proqmatik siyasət yürüdür:
“Bu da o deməkdir ki, ilk növbədə iqtisadiyyatımızı inkişaf etdirməliyik. Çalışmalıyıq ki, iqtisadiyyatımızda maksimum dərəcədə şəffaflıq olsun və sahibkarlara kömək edilsin. Sahibkarlara müvafiq şərait yaradılsın və onlar da qanunvericiliyə uyğun olaraq vergiləri ödəsinlər. Bu, sahibkarların borcudur. Ölkə başçısı dünənki çıxışında mühüm məqamlara toxundu. Cənab Prezidentin siyasətində ən çox xoşuma gələn məqam proqmatik işlərin görülməsidir. Proqmatik işlərin görülməsi o deməkdir ki, biz hər zaman hədəf qoyuruq və bu hədəfə çatırıq. Daha sonra isə növbəti hədəflərimizi qarşıya qoyuruq. Bu, proqmatik siyasətin həyata keçirilməsidir. Yəni, boş yerdən heç bir vədlər verilmir. Qarşıya qoyulan məqsədlər çatılır”.
R.Quliyevin sözlərinə görə, məmurların birmənalı şəkildə işi odur ki, onlar şərait yaratmalı və ölkə başçısının siyasətini həyata keçirməlidirlər:
“Məmurlar çalışmalıdırlar ki, sahibkarlar işləsin. Bizim hədəfimiz odur ki, kiçik və orta sahibkarlıq inkişaf etsin. İstehsal olunan mallar və göstərilən xidmətlər, ümumdaxili məhsul 50 faizi keçməlidir. Bu zaman deyə bilərik ki, hətta biz neftdən tamamilə uzaqlaşmağa hazırıq. Təbii ki, neftdən gələn gəlirlərin hər biri xalqımızın və ölkəmizin yolunda layihələr formasında həyata keçiriləcək. Əlbəttə qüdrətli ölkənin sosial sferasını inkişaf etdirmək, əhaliyə daha çox qayğı göstərmək və imkanlar yaratmaq lazımdır. Varlı cəmiyyətin imkanları çoxdur. Ona görə də ölkəmizdə əhaliyə daha çox köməklik olunur və hər cürə şərait yaradılır”.