DSK-ların məsuliyyətsizliyi: Vəfat edənlərin adına bildiriş göndərilir


“Seçici siyahılarının nəzərdən keçirilməsi ilk növbədə məntəqə və dairə seçki komissiyalarının işidir”



28 saylı Sabunçu üçüncü seçki dairəsi 9 fevralda keçiriləcək növbədənkənar parlament seçkilərində vəfat etmiş şəxslərin adına seçkidə iştirak etməklə bağlı bildiriş göndərib. Bu barədə vəfat etmiş şəxslərin yaxınları məlumat veriblər. Bildirişə əsasən, həmin şəxslər Nizami, 9 ünvanında yerləşən 4 saylı seçki məntəqəsinin seçicilər siyahısına daxil ediliblər. 

Söhbət Dairə Seçki Komissiyası tərəfindən seçici kimi təqdim edilən Rəfiqə Vəliyeva, Xədicə Vəliyeva və Həsənağa Vəliyevdən gedir. Amma adıçəkilən şəxslər - R.Vəliyeva 2006-cı ilin dekabrın 20-də, X.Vəliyeva 2018-ci ilin sentyabrın 3-də, Həsənağa Vəliyev isə 2019-cu ilin iyun ayında vəfat edib. Ailəni təəccübləndirən əsas məsələ bir ünvana vəfat etmiş üç şəxslə bağlı bildirişlərin göndərilməsi ilə yanaşı, onlardan birinin hələ 14 il əvvəl vəfat etmələridir. Belə ki, həmin şəxsin ölümündən sonra ölkədə iki dəfə vətəndaşların siyahıyaalınma prosesi baş tutub. Seçicilərlə bağlı bildirişlərin hazırlanması və ünvanlara çatdırılması Dairə Seçki Komissiyalarına aid olsa da, bu prosesdə müəyyən nöqsanlar var. 



“Görünür, bu işdə səhlənkarlıq və diqqətsizlik olub. Bu da idarəetmənin və seçki məntəqələrində işin yaxşı qurulmaması ilə bağlıdır”


“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev “Şərq”ə açıqlamasında qeyd edib ki, hər il seçicilərin siyahısı ilə bağlı ciddi yoxlamalar aparılmalıdır. Onun sözlərinə görə, vətəndaşlar müxtəlif səbəblərdən yaşadıqları ünvanda qeydiyyatda olmaya bilərlər:

“Məsələn, bir çoxları yaşadığı yeri dəyişir və başqa ölkəyə köçür. Buna görə də mütəmadi olaraq hər il seçicilərin siyahılarının dəyişdirilməsi həyata keçirilməlidir. Seçici siyahılarının nəzərdən keçirilməsi ilk növbədə məntəqə və dairə seçki komissiyalarının işidir. Onlar bələdiyyələr və icra nümayəndələri ilə bu məsələləri dəqiqləşdirməlidir. Dairə seçki komissiyası bu məsələlərlə bağlı müvafiq qeydiyyat orqanları ilə birgə siyahını yoxlamalıdır. Yaşadıqları yerdən qeydiyyatdan çıxanlar, vəfat edən şəxslərlə bağlı statistika aparmalıdırlar”. 
Ə.Nuriyevin sözlərinə görə,  seçkilərdə belə nöqsanları aradan qaldırmağın digər yolu budur ki, əhali siyahıya baxarkən öz adının olmadığını görərsə, siyahıya yazılmaq üçün müraciət etməlidir: “Vəfat edən şəxslərin adı siyahıya düşürsə, onların yaxın adamları bununla bağlı müraciət edib adı siyahıdan çıxara bilər. Eyni zamanda siyasi partiyaların özləri də bu siyahılara baxmalıdırlar. Lakin dairə və məntəqə seçki komissiyasının siyahıya nəzarət etməsi onların vəzifəsidir. Görünür, bu işdə səhlənkarlıq və diqqətsizlik olub. Bu da idarəetmənin və seçki məntəqələrində işin yaxşı qurulmaması ilə bağlıdır. 14 il ərzində vəfat edən şəxsin adını siyahıdan çıxarmaq çətin hal deyildi. İlk bildirişi verəndə artıq məlum olurdu ki, bu şəxs vəfat edib. Elə həmin zaman ad siyahıdan çıxarılmalıdır. Bütün bunlar onu göstərir ki, dairə və məntəqə seçki komissiyaları bu sahədə ciddi fəaliyyət göstərməlidir. Bu komissiyalar hər il siyahıların dəqiqləşməsi ilə bağlı işlər görməlidir. Seçicilərin elektron variantı var. Yaxşı olar ki, bu məlumatlar bələdiyyələrdə də olsun. Ümumilikdə isə dairə seçki komissiyaları bu məsələ ilə bağlı nəzarətini gücləndirməlidir”.