Yeni parlament əvvəlkindən fərqlənməlidir: Deputatlar xalqa yaxın olmalıdırlar - ŞƏRH

Növbədənkənar parlament seçkilərinə çox az vaxt qalır. Seçki aktivliyi gənc və yeni namizədlərin say çoxluğu və müəyyən dinamikanın olması ilə müşahidə olunur. 

Bəllidir ki, ölkə Prezidenti bu seçkilərin şəffaf, demokratik keçirilməsi ilə bağlı namizədlərə və seçicilərə öz ismarıcını verib. Eyni zamanda ATƏT, Avropa Şurası bu seçkilərin demokratik keçiriləcəyi ilə bağlı gözləntilərini dilə gətiriblər.
 
Maraqlıdır, bu seçki millətin əsl vəkillərini seçməsi üçün nə dərəcədə ümidvericidir?



Elxan Şahinoğlu: “Hakim partiyanın namizədlərinə də deyilib ki, arxayın olmasınlar, insanlarla təmaslar qurub öz səslərini qazansınlar”


Politoloq Elxan Şahinoğlu seçki ilə bağlı özünün də müəyyən ümidlərinin olduğunu bildirib:
 
“Prezident ona görə növbədənkənar seçkilərə qərar verdi ki, yeni parlament köhnə parlamentdən fərqlənsin, yeni millət vəkilləri fəal olsun, təşəbbüskar olsun, qanunvericiliklə məşğul olsunlar. Müşahidə edirəm ki, bir çox namizədlər qapı-qapı gəzib seçicilərlə ünsiyyətdə olurlar. Üstəlik, hakim partiyanın namizədlərinə də deyilib ki, arxayın olmasınlar, insanlarla təmaslar qurub öz səslərini qazansınlar”.
 
Politoloq hazırda seçki ilə bağlı ciddi mübarizənin getdiyini bildirib:
 
“Əgər seçki şəffaf və ədalətli keçirilməsə, seçki institutlarına inam bir az da qırılacaq. O adamlar seçilməlidir ki, insanların problemlərinin həllinə çalışacaq, xalqa yaxın olacaqlar”.