Müxtəlif zamanlarda Azərbaycana qarşı çirkin planlar həyata keçirən qüvvələr ölkəmizə qərəzli mövqelərini ortaya qoyurlar. Bu qüvvələr xüsusən də Qərb dövlətlərində Azərbaycana düşmən, işğalçı ermənilər və onların havadarlarıdır. Belə ki, erməni lobbisi yerləşdikləri ölkələrin bəzi siyasətçilərini, qərəzli jurnalistlərini pul qarşılığında ələ alaraq dövlətimizə və Azərbaycan rəhbərliyinə qarşı şər-böhtan kampaniyası aparırlar.
O, kampaniyalarda, ölkəmiz və ölkə rəhbərliyimiz haqqında yazılan, erməni dairələrinin təsirində olan Avropanın bəzi nəşrlərində dərc edilən məqalələrin heç bir fakta və əsasa söykənmədiyi gün kimi aydındır. Rəsmi Bakının müstəqil siyasət yürütməsini, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində inkişaf edən Azərbaycanı sinirə bilməyən dairələr, siyasi qüvvələr “çamur diplomatiyası”nı dərhal işə salırlar.
Beynəlxalq müstəqil təşkilatların reytinqlərində siyasi sabitlik, sosial inkişaf baxımından ön sıralarda dayanan Azərbaycan, ölkəmizə düşmən olan qara qüvvələri qıcıqlandırmaya bilməz. Rəsmi Bakının, yəni ölkənin lideri cənab İlham Əliyevin bu dairələrin diktəsi ilə siyasət aparmaması, ölkəmizi Avropanın Cənubi Qafqazda maraqlı olan qüvvələrinin oyuncağına çevrilməsinə imkan verməməsi, nəticədə həmin qüvvələrin qərəzli davranışlarına səbəb olur. Dəfələrlə cənab prezidentimiz açıq şəkildə beynəlxalq tribunalardan səsləndirib ki, Azərbaycan müstəqil siyasət yürüdüb, bundan sonra da Bakının siyasəti dəyişməyəcək. Yəni Azərbaycandan öz maraqları üçün alət kimi istifadəyə yol verilməyəcək. Avropadakı bəzi qərəzli dairələr də marağındadır ki, Cənubi Qafqazın lider ölkəsi olan Azərbaycan onların diktəsi ilə siyasət aparsın. Amma Azərbaycan hakimiyyəti buna heç vaxt getməyib, getməyəcək də. Çünki Azərbaycan müstəqil siyasəti, milli maraqlarına söykənən yanaşması ilə güclənir, inkişaf edir. Xarici qüvvələrin diktəsi ilə siyasət aparmaq, Azərbaycanın müstəqilliyinin itirilməsi olardı. Buna yol verməyən Azərbaycan lideri İlham Əliyev həmin qüvvələrin əsassız tənqid hədəfinə tuş gəlir.
Artıq bir müddətdir ki, həmin qərəzli dairələr “Azərbaycan Camaşırxanası” (“Azerbaijani Laundromat”) adlı bir məsələ ortaya atıblar. Ortaya Azərbaycan rəhbərliyinin “korrupsiya əməllərindən” bəhs edən sənəd guya ki, Avropa qəzetləri konsorsiumu tərəfindən araşdırılıb və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) tərəfindən dərc edilib. Əsassız şəkildə qeyd olunur ki, “Azərbaycan Landromart”ı ilə cənab prezidentimizin gizli əlaqələri var. Araşdırmada o da qeyd olunur ki, Azərbaycanın hakim elitası 2.8 milyard dolları gizli şəkildə avropalı siyasətçilərə xərcləmək və onlara bahalı hədiyyələr almaq üçün istifadə edib. Xüsusən də bu siyasətçilər guya ki, Avropa Şurası Parlament Assambleyasında təmsil olunan deputatlardırlar. Bu qədər absurd, bu qədər bivec bir hesabatın qərəz dolu olduğu gün kimi ortadadır. Birincisi hesabat ortada heç bir fakta əsaslanmayan mənasız iddialardan ibarətdir. Buradan aydın olur ki, Azərbaycana diktə edə bilməyən, Azərbaycan liderini müstəqil siyasətindən döndərə bilməyən qüvvələr bu cür mifik sənədlər ortaya atırlar. Özlərinin himayəsində olan jurnalistlər, siyasətçilər tərəfindən də bunu dövriyyəyə buraxırlar.
İkincisi bir anlıq fərz edək ki, bu iddialar doğrudur. Onda belə çıxır ki, AŞPA-da olan deputatlar, siyasətçilər pula satılmış, prinsipsiz, əqidəsiz tülünglərdir. Bu məqamda ortaya bir sual çıxır. Bəs onda bu cür satılmış, əqidəsiz siyasətçi və deputatlar hansı əsasla insan hüquqları və dəyərlərindən danışırlar? Hansı əsasla söz azadlığını müdafiə edirlər? Bunlar satılıblarsa, bu günlərdə Azərbaycana qarşı qərəz dolu qətnaməni necə qəbul etdilər? Siyasi analiz və məntiq “Azərbaycan Landromartı” adlı mifik sənədin boş və elə mifik olduğunu deyir.
Avropanın həmin qərəzli dairələrinin bir-birini təkzib edən “araşdırmaları”, “hesabatları” bundan sonra da davam edəcək. Çünki müstəqil siyasət yürüdən Azərbaycan və onun lideri İlham Əliyev bu siyasi yoldan geri çəkilməyəcək. Azərbaycan Ermənistan kimi işğalçı dövlətdən fərqli olaraq həmin dairələrin maşası olmayacaq. İstədikləri qədər çirkin kampaniya apara bilərlər. Bunun ölkəmizin inkişafına, dünyadakı yerinə və imicinə heç bir təsiri olan deyil. Çünki, birincisi Azərbaycan liderinin arxasında onun siyasətini, tutduğu yolu, apardığı islahatları dəstəkləyən xalq dayanır. Bu birmənalıdır. İkincisi isə, həmin beynəlxalq qərəzli dairələrdən vərqli olaraq xaricdə sağlam siyasi qüvvələr var ki, rəsmi Bakının uğurlu siyasətini, Cənubi Qafqazda sabitliyin qarantı olduğunu, Avropanın və dünyanın enerji təminatında önəmli layihələr həyata keçirdiyini görür və anlayırlar. Xırda, cılız, erməni lobbi təşkilatının təsirində olan qərəz dolu “siyasi dairələr” isə yəqin ki xislətlərinə uyğun olaraq, yenə də çirkablarını zaman-zaman atmağa çalışacaqlar. Amma, təbii ki nəticə əldə edə bilməyəcəklər.
“Şərq” Analitik Qrupu