Qərəz davam edir: Avropa Şurası Azərbaycanın inkişafını həzm edə bilmir - ŞƏRH

“Neçə illərdir ki, Avropa Şurası (AŞ) dəfələrlə Azərbaycana qarşı qərəzli  mövqe sərgiləyib, şər-böhtan kampaniyaları aparıb. Sanki bu qurum ölkəmizin inkişafının və nüfuzunun artmasını həzm edə bilmədi”.

Bu fikirləri Sherg.az-a açıqlamasında deputatlığa namizəd Elman Məmmədov deyib.

Onun sözlərinə görə, AŞ xristian klubu olaraq Azərbaycana və Türkiyəyə qarşı təzyiq alətinə çevrilib:

“Ölkəmiz 2001-ci ildə Avropa Şurasına üzv olanda bir sıra gözləntilərimiz var idi. Düşünürdük ki, Avropa Şurası ədalətli bir qurumdur, haqqın tərəfdarında olacaq, problemlərimizin xüsusilə Dağlıq Qarabağ məsələsinin həllində mühüm rol oynayacaq və ortaya ədalətli mövqe qoyacaq. Lakin bu qurum Azərbaycanın ağrılı problemi olan Dağlıq Qarabağ məsələsində işğalçı dövlətə qarşı sənəd qəbul etmədi, təcavüzkarlara gözün üstdə qaşın var demədi. Əksinə AŞ-da Ermənistanı müdafiə edən bir sıra Avropa dövlətlərinin deputat qrupları birləşərək Azərbaycana qarşı vaxtaşırı kampaniyalar apardılar. Biz çox məyus olduq ki, özünü demokratiya və insan hüquqlarının müdafiəçisi kimi göstərən AŞ bundan ibarətdirsə, çox səhv etmişik. AŞ sifətini itirmiş, sərbəst mövqeyi olmayan, kimlərinsə tərəfindən idarə olunan və sifarişli mövqeylər sərgiləyən qurum kimi nəzərimizdədir. Təəssüf ki, bu gün AŞ bir qrup erməni və ermənipərəst deputatların əlində Azərbaycana qarşı təzyiq alətinə çevrilib”. 



Elman Məmmədov: “AŞ xristian klubu olaraq Azərbaycana və Türkiyəyə qarşı təzyiq alətinə çevrilib”


E.Məmmədov bildirib ki, Avropa Şurası “çirkin” sifarişlərlə işləyən bir qurumdur:

“Yaxın günlərdə Azərbaycanda parlament seçkiləri olacaq. AŞ növbəti çirkin oyununa başlayıb, ölkəmizə qarşı şər-böhtan kampaniyası aparır. Niyə bu qurum Avropanın lap mərkəzindəki aparıcı dövlətlərdə demokratiyaya və insan hüquqlarına zidd əməllər göz yumur? AŞ ən aparıcı dövlətlərdən biri olan Fransada 1 ilə yaxındır insanlara qarşı olan ədalətsizliyi və zorakılığı görmür. AŞ doğurdan ədalətli qurumdursa, bu hadisələrdən danışsınlar.  Düşünürəm ki, AŞ-ya olan münasibətimizi göstərməliyik. Onların ədalətsiz və qərəzli bir qurum olduğunu cənab Prezident də açıq-aydın söyləyir. Hər bir azərbaycanlı bu qurumun yarıtmaz fəaliyyətinə qarşı mövqeyini ortaya qoymalıdır”.

Qeyd edək ki, Prezident İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul ededərkən çıxışında Avropa Şurasını sərt tənqid edib. Avropa Şurasının hər iki qardaş ölkəyə riyakarlığı və ikili standart uyğulaması beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir.