Onlar da seçicidir: Müəllim də həkim də namizədlə görüşə gedə bilər - AKTUAL

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deputatlığa namizədlərə bərabər şərait yaradılmasının vacibliyinə toxunub. MSK sədri qeyd edib ki, yerli hakimiyyət orqanları namizədə kömək edirsə, məsələ araşdırılmalıdır.

M.Pənahov müəllimlərin, həkimlərin namizədlərin görüşünə gəlməsinə də münasibət bildirib:

“Mətbuatda yazılır ki, namizədin görüşünə müəllimlər, həkimlər gəlir. Niyə onlar görüşə gəlməməlidir? 18 yaşı olan istənilən Azərbaycan vətəndaşının seçki hüququ var. Bu da həmin məsələlərdən biridir”.

Səsləndirilən iradların düzgün olmadığını deyən siyasi şərhçi, 55 saylı Xaçmaz Şəhər Seçki Dairəsindən deputatlığa namizəd Azər Həsrət Sherg.az-a bildirib ki, 18 yaşı tamam olmuş istənilən Azərbaycan Respublikasının vətəndaşı seçidə iştirak etmək və öz namizədini dəstəkləmək hüququna malikdir.

Analitik qeyd edib ki, müəllimlər, həkimlər və ya bu kateqoriyadan olan digər şəxslərin namizədlərlə görüşlərə getməsində heç bir problem yoxdur:



Azər Həsrət: “Bir sıra namizədlərin görüşünə bu cür kateqoriyadan olan şəxslərin inzibati resurslardan istifadə edilərək cəlb olunması halları müşahidə olunur”


“Təbii ki, onlar sərbəst şəkildə istədikləri namizədin görüşünə gedə bilərlər. Heç kəs buna irad bildirə bilməz. Yəqin ki, bu iradların səsləndirilməsi başqa məsələ ilə bağlıdır. Bir sıra namizədlərin görüşünə bu cür kateqoriyadan olan şəxslərin inzibati resurslardan istifadə edilərək cəlb olunması halları müşahidə olunur. Ona görə də müəllim və həkimlərin namizədlərlə görüşə getməsi narazılıq yaradır. Müəllim və həkim də seçicidir, onlar gedib istədikləri namizədin görüşündə iştirak edə bilərlər. Yəni, burada qanuna zidd olan heç bir əməl yoxdur. Dediyim kimi, inzibati resurslarda istifadə edərək seçicilərin görüşlərə cəlb edilməsi qanunsuzdur. Məsələn, məktəb direktoru özünün rəğbət bəslədiyi namizədin xeyri üçün müəllim kollektivini yığıb görüşə aparır. Müəllimlər də bu görüşə getməyə etiraz edə bilmirlər və çəkinirlər. Belə olan halda bu, qanun pozuntusu, müəllimlərin iradəsinə kənar təsirdir. Amma ümumilikdə nə müəllimlərin, nə də həkimlərin namizədlərlə görüşdə iştirakına əngəl olmalıdır. Heç kəs buna irad tuta bilməz”.