“Xarici müşahidəçilər seçkilərin gedişindən razıdırlar”

“Bu gün Azərbaycanda növbəti dəfə demokratik və şəffaf seçkinin keçirilməsinin şahidi oluruq”. Bu sözləri Sherg.az-a açıqlamasında “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor qeyd edib ki, hələlik seçkilərdə böyük bir qüsura yol verilməyib:

“Həm regionlarda, həm şəhərdəki dairə və məntəqələrdə jurnalistlərimiz müşahidə aparırlar. Sözün əsl mənasında ictimai fəallıq görünür. Müşahidə aparan jurnalist qruplarımız xarici missiyaların nümayəndələri ilə məntəqələrdə görüşüb onlardan açıqlama alıblar. Xarici müşahidəçilərin rəyi budur ki, onlar ölkəmizdəki parlament seçkilərinin bu günkü vəziyyətindən razıdır, ictimai fəallığı təqdir edirlər və vətəndaşların sərbəst şəkildə namizədinə səs verməsi üçün yaradılan texniki şəraitdən razıdırlar”. 



B.Quliyev qeyd edib ki, ortaya çıxan xırda problemlər operativ olaraq MSK tərəfindən araşdırılır və düzgün qərarlar verilir:

“Bu gün seçkinin  demokratik keçməsi üçün ən zəruri şərtlər var. Ona görə də vacib məqamlar nəzərə alınıb və seçicilər sərbəst şəkildə öz namizədlərini seçmək üçün məntəqələrə axışırlar”.