“Azərbaycanda seçkilər tam demokratik və şəffaf keçirildi”. Bunu seçkiləri müşahidə edən TÜRK PA müşahidə missiyası fevralın 9-da keçirdiyi mətbuat konfransında bildirib. Müşahidə missiyasının üzvləri Azərbaycanda keçirilən müxtəlif seçkilərdə iştirak etdiklərini və seçki prosesinin şəffaf keçirildiyini vurğulayıblar.
TÜRKPA-nın baş katibi Altunbey Mamayusupov parlament seçkilərinin qanun pozuntusu olmadan keçirildiyini qeyd edib:
“Bu, bizim Azərbaycanda beşinci seçki müşahidəmizdir. Seçkilərdən iki gün əvvəl Azərbaycana gəldik və seçkiyə hazırlıq prosesini müşahidə etdik. Proses tam demokratik, şəffaf keçirildi”.
Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Hüquqi məsələlər və beynəlxalq əlaqələr komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin üzvü İsmət Uçman seçki məntəqələrində müşahidələr apardıqlarını bildirərək, məntəqələrdə siyasi fəallıq müşahidə olunduğunu da əlavə edib.
İ.Uçman namizədlər üçün əlverişli şərait yaradıldığını bildirib:
“Namizədlər və seçicilər üçün yaradılan şərait təqdirəlayiqdir. Hər şey tam şəffaf şəkildə təşkil olunub. Bu da seçkilərin nə dərəcədə demokratik keçirildiyinə əyani sübutdur. Seçicilər heç bir kənar təsirə məruz qalmadan azad şəkildə seçimlərini edirdilər”.
Missiyanın rəhbəri məcburi köçkünlərin də seçim hüquqlarından istifadə etmələri üçün hər bir şərait yaradıldığını bildirib:
“Texniki tərəfdən və insan amili nöqteyi-nəzərindən müşahidələr apardığımız seçki məntəqələrində səsvermə prosesində hər hansı pozuntuya rast gəlmədik. İnsanların məntəqələrə sevinc hissi ilə səs verməyə, sanki bayrama gəlmələrini görmək isə çox həyəcanlandırıcı idi”.