Müxalif “REAL Cümhuriyyətçilər” seçki blokundan deputat seçilən REAL Partiyasının funksioneri Erkin Qədirli mətbuat konfransı keçirib. Sherg.az-ın xəbərinə görə, E.Qədirli seçki prosesi ilə bağlı fikirlərini səsləndirərək deyib ki, namizəd olduğu 16 saylı Yasamal İkinci Seçki Dairəsinin 25 məntəqəsində rəqiblərini üstələyib:
“5 məntəqədə isə qarşı ədalətsizlik olub. Rəqiblərimin də mənim də xeyirimə bülletlər atılıb. Bununla bağlı şikayət edəcəm, o məntəqələrlə bağlı ölçü götürülməsini istəyəcəm”.
E.Qədirli mandatdan imtina məsələsinə də aydınlıq gətirərək deyib ki, imtina etməyəcək:
“İmtina etmək məsələsi yoxdur. Mənə inanan, güvənən, səs verən seçicilərimi Milli Məclisdə təmsil edəcəm”.
Qeyd edək ki, sosial şəbəkələrdə qanun pozuntularına etiraz olaraq E.Qədirlini mandatdan imtinaya səsləyənlər olub.
REAL Partiyasının digər funksioneri Natiq Cəfərlinin “exit-poll”un nəticəsinə görə seçilməsi, MSK-nın rəsmi açıqlamasına görə isə seçilməməsinə gəldikdə isə, E.Qədirli Cəfərlinin dairədə uduzduğunu söyləyib:
“Amma Natiq bəyin əlində sənədlər var, araşdırılması üçün aidiyyatı orqanlara şikayət edəcək”.