Mərkəzi Seçki Komissiyasının (MSK) “Qaynar xətti”nə 280-ə yaxın müraciət daxil olub. APA-nın məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında MSK-nın sədr müavini Rövzət Qasımov bildirib.
Onun sözlərinə görə, müraciətlərin bir qismi texniki sorğu xarakterli olub:
“MSK üçün araşdırma başlamağa səbəb olacaq müəyyən məlumatlar da var. “Qaynar xətti”ə daxil olan məlumatlar rəsmi olmasa da, MSK bütün məlumatlara tam ciddi və diqqətlə yanaşır. MSK-ya daxil olan hər xırda məlumat belə ətraflı şəkildə araşdırılır. Yaxın günlərdə MSK-nın araşdırmalarının nəticələrinə adekvat olan addımların, hətta kəskin addımların şahidi ola bilərsiniz”.
Sədr müavini qeyd edib ki, iddia olunan qanun pozuntuları araşdırılmalıdır:
“Bunlar öz təsdiqini tapdığı halda əmin olun ki, MSK kifayət qədər ciddi və kəskin addımlar atmağa hazırdır. Burada nəticələrin etibarsız sayılması, eyni zamanda hətta cinayət kimi səciyyələndirilə bilən hallar aşkarlanarsa, MSK tərəfindən bununla bağlı müvafiq qurumlara müraciətlər ünvanlanacaq. Çünki MSK-nın ən ümdə məqsədi namizədlərin bərabər şərtlərlə bu seçki kampaniyasında iştirakı və səsvermə günü ədalətli rəqabət nəticəsində hər kəsin öz səsinə sahib olması olub”.