“Seçki administrasiyası resurslarla yaxşı təmin edilmişdi və qanunla müəyyən edilmiş müddətlərə riayət edirdi. Azərbaycan Mərkəzi Seçki Komissiyası (MSK) isə şəffaf fəaliyyət göstərmək üçün səy göstərdi və beynəlxalq müşahidəçilərin iştirakını alqışladı”.
Report xəbər verir ki, bunu ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi koordinatoru Artur Gerasimov beynəlxalq müşahidəçilərin - ATƏT DTİHB, ATƏT PA və AŞPA-nın Azərbaycanda keçirilmiş növbədənkənar parlament seçkiləri üzrə müşahidələrinin nəticələrini əks etdirən ilkin hesabatını təqdim edərkən deyib.
ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının xüsusi əlaqələndiricisi seçkiləri müşahidə etmək üçün dəvətinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
“Azərbaycan 25 ildən çoxdur ki, ərazilərinin 20 faizindən çoxunun işğal edilməsindən əziyyət çəkir. Buna görə də Azərbaycanın bəzi bölgələrində səsvermə prosesini təşkil etmək mümkün olmadı”, - deyə A.Gerasimov bildirib.
Missiyanın xüsusi koordinatoru deyib ki, Ermənistanla münaqişənin bu ölkədə seçkilərin təşkilinə təsirini yaxşı bilir və məcburi köçkünlərin seçkilərdə iştirakını təmin etmək üçün göstərilən səyləri yüksək qiymətləndirir.