Bu Seçki Dairəsinin 11 seçki məntəqəsində səsvermənin nəticələri ləğv edildi


Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən namizədliyi qeydə alınan Natiq Cəfərovun və Elman Quliyevin müraciətinə baxılıb.

APA-nın məlumatına görə bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A.Muxtarova bildirib ki, iddiaçıların müraciəti eyni məzmunlu olduğundan və 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsinin eyni məntəqələrini əhatə etdiyindən bir icraatda birləşdirilib:

“Natir Cəfərov və Elman Quliyev bildirib ki, dairə üzrə seçki məntəqələrində seçki günü seçki qanunvericiliyinin pozulması halları baş verib. N. Cəfərov araşdırma üçün 1 ədəd elektron məlumat daşıyıcısı və 23 ədəd protokol təqdim edib. DSK-nın mübahisələndirilən qərarları da araşdırmaq üçün götürülüb. DSK qeyd edilən qərarlarını onunla əsaslandırıb ki, araşdırma zamanı müraciətdə qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmadığından həmin şəxslərin müraciəti təmin edilməyib. MSK tərəfindən müraciətdə mübahisələndirilən seçki məntəqələrinin protokolları DSK-dan alınaraq, müqayisəli araşdırma aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, N. Cəfərov tərəfindən təqdim edilən 23 protokoldan 8-də məlumatlar uyğunsuzluq təşkil edir. Həmin 8 seçki məntəqəsində səsvermənin nəticələrinin etibarsız sayılması üçün hüquqi əsaslar yaranıb. Digər mübahisələndirilən seçki məntəəqlərində qeyd edilən qanun pozuntuları öz təsdiqini tapmayıb. Təklif edirəm ki, qanun pozuntuları baş verən 6, 9, 10, 23, 25, 27, 28, 29 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılsın və şikayətçilərin müraciəti qismən təmin edilsin”.

R. Qasımov isə bildirib ki, 13, 14, 31 saylı seçki məntəqələrində seçicilərin iradəsini əks etdirməyən hallar müşahidə edilib. Ona görə də təklif edirəm ki, bu məntəqələrdə də səsvermənin nəticələri etibarsız sayılsın.

MSK müraciəti müzakirəyə çıxarıb və 6, 9, 10, 13, 14, 23, 25, 27, 28, 29, 31 saylı seçki məntəqələrində səsvermənin nəticələri etibarsız sayılıb və müraciət qismən təmin edilib.