Fevralın 22-də Almaniyanın paytaxtı Berlin şəhərində Ümumavropa Qarabağ Mitinqi keçirilib. Dünyanın 30-dan çox ölkəsində fəaliyyət göstərən diaspor təşkilatlarının təşəbbüsü ilə baş tutan mitinq “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edilib. Xocalı faciəsinin 28-cü ildönümünə həsr olunan yürüşdə “Biz terrora “Yox” deyirik”, “Azərbaycan ədalət tələb edir!”, “Xocalıya biganə qalma!”, “Dinc və günahsızların qatillərinə ar olsun!”, “Erməni yalanlarına “Dur!” de!”, “İşğalı dayandırın!” kimi şüarlar səsləndirilib.
Berlində keçirilən mitinq haqqında fikirlərini Sherg.az-la bölüşən Modern.az saytının rəhbəri Elşad Eyvazlı bu, addımı müsbət qiymətləndirib:
“Aksiya bütün parametrləri ilə təqdirəlayiqdir. Mitinqdə 2000-dək azərbaycanlı iştirak edirdi. Onların arasında hakimiyyətdən incik düşənlərin də iştirak etməsi göstərdi ki, sərhəddən kənarda azərbaycanlılar həmişə həmrəydilər. İkinci bir tərəfdən Avropada “Qarabağ Azərbaycanındır” şüarı səsləndi. Ən əsas məqam isə ondan ibarətdir ki, məhz belə böyük miqyaslı mitinqlərin sayəsində müasir gənclər Qarabağı daha çox tanıyır və itirilmiş torpaqlarımızın nisgili ilə yaşayırlar. Bütün bunlar onu deməyə əsas verir ki, nə vaxtsa dünyanın başqa yerlərində də, məsələn, Afrikada, Asiyada belə mitinqlər keçirilə bilər”.
Elşad Eyvazlı: “Diplomatlar, əsgərlər, tarixçilər, jurnalistlər, bir sözlə hər kəs səylə çalışmalıdır”
E.Eyvazlı düşünür ki, gənclərin bu işlərdə fəal olmaları xüsusilə sevindiricidir:
“Gənclər arasındakı fəallıq əvvəllər bu qədər deyildi. İndiki vəziyyət bizi çox sevindirir. Qarabağ məsələsinə biganə yanaşmayan bütün gənclərlə fəxr etmək lazımdır. Mən onların hər birinə uğurlar arzulayıram və düşünürəm ki, məhz həmin gənclərin sayəsində Azərbaycan həqiqətləri tez-gec ortaya çıxacaq”.
Jurnalistin fikrincə, Qarabağ həqiqətlərinin dünyaya çatdırılması üçün hər kəs, eləcə də, media nümayəndələri fəal olmalıdırlar:
“Dünyanın müxtəlif ölkələrində bu cür mitinqlərin keçirilməsi çox yaxşı haldır. Lakin mitinqi keçirənlərə və iştirakçılara dəstək verilməsə, tam effekt əldə edə bilməyəcəyik. Diplomatlar, əsgərlər, tarixçilər, jurnalistlər, bir sözlə hər kəs səylə çalışmalıdır. Diplomatlar danışıqlar aparmalı, hərbçilər sərhədləri qorumalı, tarixçilər erməni iddialarını məhv edəcək tutarlı faktlar aşkar etməlidirlər. Xüsusilə informasiya müharibəsində uduzmaq olmaz. Müasir dövrdə jurnalistin informasiyası əsgərin silahı qədər güclüdür. Odur ki, beynəlxalq jurnalistləri fəal olmağa çağırır və bir jurnalist kimi Azərbaycan həqiqətləri ilə bağlı yazılar yazan bütün gənclərə dəstək olacağıma söz verirəm”.