Türkiyə hər zaman Azərbaycanın yanındadır – ŞƏRH

“Dağlıq Qarabağ mövzusunda Azərbaycanın yanındayıq. İşğal altındakı torpaqlar artıq azadlığa qovuşmalı və bölgəyə sülh, əmin-amanlıq gəlməlidir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıdan qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. Ərdoğan bildirib ki, “Minsk prosesi” yayındırma olaraq təxminən 25 ildir davam edir: 

“Bu yayındırma taktikası ilə nə ABŞ, nə də Rusiya bu işi həll edib. “Minsk üçlüyü” indiyə qədər heç bir həll yolu yarada bilmədiyi kimi, keçirilən ikitərəfli görüşlər də, təəssüf ki, heç bir nəticə verməyib”. 

Qardaş ölkə rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatına münasibət bildirən BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov deyib ki, Ərdoğanın Bakıya səfəri zamanı verdiyi açıqlamalar Azərbaycan-Türkiyə qardaşlığının ruhuna tam uyğundur. 



Politoloq: “Ərdoğanın Qarabağ açıqlamaları Azərbaycan-Türkiyə qardaşlığının ruhuna tam uyğundur”


Analitik vurğulayıb ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub, bundan sonra da olacaq: 

“Ərdoğanın “Minsk üçlüyü”nün 25 ildə yayındırmaqla məşğul olduğu gerçəyini açıq şəkildə deməsi problemlə məşğul olan dövlətlərə verilən mesajdır. Mesaj ondadır ki, “sizin nə etmək istədiyinizi başa düşürük və bu işğal sonsuza qədər davam edə bilməz. Nə Azərbaycan, nə də biz bununla barışmayacağıq”. Bu yanaşma özünü iki tərəf arasında bağlanan birgə silah istehsalı sazişində və ölkələr arasında mal dövriyyəsinin artırılmasına dair istəklərdə göstərir. Ərdoğanın İdlibdə Rusiya ilə fikir ayrılıqları fonunda Azərbaycanda Qarabağla əlaqəli kəskin hesab edilə biləcək fikirlər söyləməsi Rusiyaya problemin həlli vaxtının gəldiyi mesajını verməkdir. Ərdoğan İdlibdə cəsarətli və qəti addımlar atıldığına diqqət çəkməklə lazım gələrsə, Qarabağ münaqişəsinin həllində də bu addımları ata biləcəyi mesajını verdi. Hesab edirəm ki, Ərdoğanın Azərbaycana səfərini hər iki ölkə üçün uğurlu və məhsuldar hesab etmək olar. İstər imzalanan sazişləri, istərsə də verilən bəyanatları həm dost, həm də düşmən ölkələr doğru anlayacaq və nəticə çıxaracaqlar”.