“Azərbaycanın qardaş Türkiyə ilə hər sahədə ən yüksək səviyyədə dostluq və əməkdaşlığının tərəfdarıyıq”. Bunu Sherg.az-a açıqlamasında AĞ Partiya sədri Tural Abbaslı deyib.
Partiya rəhbəri bildirib ki, indiki dünya reallığında Azərbaycanın ən səmimi və təbii müttəfiqi qardaş ölkədir:
“Odur ki, hərbi əməkdaşlıq sahəsində də Türkiyə-Azərbaycan münasibətləri ən yüksək səviyyədə olmalıdır. Hərbi əməkdaşlığı daha da inkişaf etdirmək üçün kifayət qədər imkanlar mövcuddur. Bu, Azərbaycan ərazisində Türkiyənin hərbi bazalarının yerləşdirilməsindən silah sənayesi sahəsində birgə fəaliyyətə qədər geniş bir radiusu əhatə etməlidir.
Ancaq Türkiyə NATO üzvü olduğu üçün hərbi sahədə qurumla razılaşdırılmadan müəyyən addımları ata bilməz. Nəzərə alaq ki, Qarabağı işğal altında saxlayan Ermənistanın hərbi texnologiyası və silah sursatı rus standartlana uyğundur. Ona görə də bizim əks düşərgə olaraq NATO standartlarına uyğun texnoloji bazaya və silah-sursata malik olmağımız zəruridir. Yəni istənilən yöndə yanaşsaq, Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı faydalı və gərəklidir”.